Rauf Arifoğlu və Vüsalə Mahirqızı jurnalistlərin qurultayından danışdı

Rauf Arifoğlu və Vüsalə Mahirqızı jurnalistlərin qurultayından danışdı
19:28 20 Fevral 2018
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 10-da Mətbuat Şurasının növbəti VI qurultayı keçiriləcək. Qurultay zamanı Mətbuat Şurasının yeni İdarə Heyəti seçiləcək.

Publika.az Azərbaycan jurnalistlərinin qurultayı ilə bağlı “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun təəssüratlarını öyrənib.

Rauf Arifoğlu bildirib ki, dünyada çap mediasının çökdüyü ərəfədə Azərbaycanda çap media nümunələrinin və Mətbuat Şurasının qalmasının özü bir uğurdur. Onun sözlərinə görə, Azərbaycanda qəzet bazarı o qədər dardır ki, bu şərtlər altında mövcud olmaq və yaşamaq çox çətindir:

“Mən menecer olaraq deyirəm ki, heç bir media meneceri özünə əlavə yük olaraq çap mediası saxlamaq istəməz. Amma Mətbuat Şurasının, KİVDF-nin və Prezidentin özünün dəstəyi sayəsində biz ayaqda qala bilmişik. İmkan olsa, bu barədə qurultayda fikirlərimizi deyəcəyik. Bundan sonra elə etmək lazımdır ki, yaşam davam etsin. Ən böyük hesabatlılıq ondan ibarətdir ki, biz hələ varıq və sabaha çıxa bilərik”.

Rauf Arifoğlu xatırladıb ki, Mətbuat Şurasının 10 mart qurultayı əslində bütün jurnalistlərin qurultayı deyil:

“Bu print media jurnalistlərinin qurultayıdır. O baxımdan bütün ölkəni əhatə edəcək məsələ saymıram. Amma yenə də əlamətdar və mühümdür. Çünki postsovet məkanında ölkə mediasının dayaqlarını əslində çap mediasından gələn kadrlar təşkil edir. Əlbəttə, çox istərdik ki, Mətbuat Şurasının daha zəngin İdarə Heyəti formalaşsın. Bunun üçün də çalışacağıq. Mənim də düşüncələrim və təkliflərim var. Bu istiqamətdə də qurultayda fəaliyyət göstərməyə çalışacağıq. Bildiyiniz kimi, qurultayda fəaliyyət ancaq həmin gün mümkündür. Bunu da çıxışla, inandırmaqla, təbliğatla etmək olar. Biz də nə mümkündürsə, onu edəcəyik. Amma Mətbuat Şurasının indiki heyəti və ya bu heyətin əsas hissəsi qalsaş məyus olmayacağam”.

Vüsalə Mahirqızı isə hesab edir ki, Mətbuat Şurasının qurultayında jurnalistlər öz seçimini edəcək:

“Bu, Azərbaycan jurnalistlərinin VI qurulayıdır. Mən istərdim ki, qurultayda yeniliklər olsun, üzvlərimizin sayı çoxalsın. İdarə Heyətində xanımların sayı artsın. Güman edirəm ki, Azərbaycan jurnalistləri bu dəfə də doğru seçim edəcək, ürəyi istəyən şəxslərə səs verəcəklər. Jurnalistlər kimi layiq görəcəksə, həmin şəxslər Mətbuat Şurasının İdarə Heyətində medianı təmsil edəcəklər”.

Mətbuat Şurasının səlahiyyətlərinin genişləndirilməsi istiqamətində təkliflərə gəldikdə isə Vüsalə Mahirqızı deyib ki, Mətbuat Şurasının səlahiyyət istəməsi yalnız reketçiliyə qarşı mübarizə ilə bağlı deyil:

“Bəzən səlahiyyət genişləndirilməsi təşəbbüsünü ancaq reket jurnalistikası ilə mübarizə ilə əlaqələndirirlər. Ancaq yalnız bununla bağlı deyil. Ümumiyyətlə, mətbuatın inkişafı ilə bağlı müvafiq layihələrin həyata keçirilməsi, medianın irəli aparılması üçün təkliflərin effektivliyi baxımından Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi yaxşı olardı. Təbii ki, Mətbuat Şurasının dövlət qurumu olmasının tərəfdarı deyiləm. Çünki bundan əvvəl də Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi olub. Ancaq biz görürük ki, bəzən QHT-lərə və ictimai təşkilatlara müəyyən status və səlahiyyətlər verilir. Bu da həmin qurumların daha effektiv fəaliyyəti üçün əlavə stimul olur. Xüsusi vurğulayıram ki, burada söhbət sanksiyaların tətbiq edilməsindən getmir. Mətbuat Şurası sanksiya tətbiq edən qurum deyil, daha çox jurnalistlərlə dövlət qurumları və cəmiyyət arasında körpü rolunu oynayan qurumdur. Biz arzu edirik ki, Mətbuat Şurası bu körpü rolunu daha səlahiyyətli və statuslu formada həyata keçirsin. Düşünürəm ki, Əflatun Amaşovun da təklifi bundan irəli gəlib. Mən bu təklifi dəstəkləyirəm”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/231891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR