"Neftçi"nin yeni prezidenti: "Vaxt lazımdı"

"Neftçi"nin yeni prezidenti: "Vaxt lazımdı"
13:14 21 Fevral 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

“Neftçi” ölkənin ən tanınmış, ən titullu klubudu. Burda işləmək hər kəs üçün şərəfdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni prezidenti Kamran Quliyev deyib.

 

“Sumqayıt”ı “ağ-qaralar”a dəyişən Quliyev bu gün brifinq keçirib və jurnalistlərin suallarını cavablandırıb.

 

- “Sumqayıt” sizin rəhbərliyiniz altında uğurlu nəticələr qazanıb. “Neftçi”yə keçidinizdə bunun nə dərəcədə rolu oldu?

- Məni tanıyırlar, həm “Sumqayıt”da, həm də əvvəlki iş yerlərində kollektiv işin, komanda ruhunun tərəfdarı olmuşam. Özümə tərəfdaş seçdiyim adamlar həmişə mənə, işlədiyim təşkilata dayaq olublar. Bu gündən başlayaraq bir yumruq kimi birləşib işləyəcəyik. “Neftçi”nin yeni idman direktoru Ceyhun Sultanovu da sizə təqdim edirəm. Bütün futbol məsələləri, əsas, əvəzedici komanda və akademiyaya nəzarət onda olacaq. Onun “Sumqayıt”da gördüyü iş göz qabağındadı.

 

- “Sumqayıt”dan başqa kiminsə “Neftçi”yə gəlişi gözlənilirmi?

- Hazırda bu barədə söhbət getmir. “Sumqayıt” bizim üçün əziz yerdi. İndi ordan üçüncü bir adamı yerindən tərpətmək düzgün olmaz. Ancaq istisna olunmur ki, gələcəkdə “Neftçi”yə xeyir verəcək insanlar, bura üçün fədakarlıq edəcək insanlar gələ bilər.

 

- Samir Abasovun təyinatı necə, real görünürmü?

- Xeyr, real görünmür. O, “Sumqayıt”ın ən sadiq funksioneridi. Bizim baş məşqçimiz var. Tərlan Əhmədov klubumuzun, millinin tarixinə düşmüş mütəxəssisdi. Burda çalışan insanları tanımaq üçün mənə vaxt lazımdı. “Neftçi”də işləmək üçün insanda 3 xasiyyət olmalıdı: dürüstlük, fədakarlıq və sadiqlik əsas amillərdi. Çox sadiq həmkarlarım var. Maliyyə-təsərrüfat məsələlərinə cavabdeh olan şəxs, həmçinin idman direktorumuz var. “Neftçi”yə layiq olan insanlar bu klubda işləyəcəklər.

 

- “Neftçi”də hansı problemlərdən başlayacaqsız?

- Uşaqlıqdan qanımda “ağ-qara” var. Özüm neftçi ailəsində böyümüşəm. Hərin problemləri hələ görmürəm. Məncə, problem birliyin olmamasıdı. Mən işlədiyim yerlərdə ən önəmli məsələ klubdaxili ab-hava olub. Klubun ətrafındakı qeyri-sağlam imicin üzərində işləməliyik.

 

- “Sumqayıt”dakı kimi, burda da yerli futbolçulara üstünlük veriləcək?

- Heyətlə bağlı məsələlərə nəinki “Sumqayıt”da, o cümlədən “Neftçi”də də qarışmıram. Baş məşqçinin tələbi ilə mövqe üzrə futbolçular axtarılır. Bu məsələ ilə idman direktoru və onun rəhbərlik etdiyi komanda məşğul olacaq. Baş məşqçinin razılığı ilə futbolçu gətirilə bilər. Dünyada ayrı bir model yoxdu. “Neftçi”nin yerli futbolçularla oynamaq üçün böyük potensialı var. Buna böyük önəm verəcəyik. “Neftçi” adına layiq, ən yüksək zirvələrdə olmalıdı. Bunun üçün vaxt lazımdı. Bir neçə güclü əcnəbi futbolçu gətirməliyik ki, rəqabət artsın, həmçinin yerlilər onlardan nəsə öyrənsinlər. Bu, bizim əsas strategiyamızdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR