Jurnalistlər Metbuat.az-dan danışdı - 1 yaş

Metbuat.az xəbər portalı 1 yaşını qeyd edir.

2012-ci ildə yaradılan sayt 2017-ci il 21 fevral tarixindən etibarən peşəkar kollektivlə özəl xəbər istehsalına başlayıb.

Tanınmış jurnalistlər Metbuat.az saytını doğum günü münasibəti ilə təbrik ediblər.

İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə heyətinin üzvü, “Əməkdar jurnalist”, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Vüqar Rəhimzadə bildirib ki, Metbuat.az saytı qısa müddət ərzində elektron media orqanları arasında öz dəst-xətti ilə seçilib:

“Bunu yaradılan əməkdaşlıqlarda görmək mümkündür. Həmişə bu saytı izləyirəm. Müəyyən mənada jurnalistika prinsiplərinə əməl edilir. Bu, çox uğurlu bir haldır. Əməkdaşlarının sayı, operativlik baxımından kiçik nüansları aradan qaldırmaqla Mətbuat.az bu yolla davam edərsə, Azərbaycanın ictimai fikrində rol oynayan media qurumları arasında öz yerini tutacaq. Təbrik edirəm bir daha!”.

Azərbaycanın dövlət və ictimai xadimi, sabiq deputat, jurnalist, “Gündəlik Teleqraf” MMC-nin direktoru, “Publika.az” və “Teleqraf.com” saytlarının rəhbəri Aynur Camalqızı qeyd edib ki, uğurlarınıza sevinirəm:

“Saytınızın fəaliyyətini izləyir və çox yüksək qiymətləndirirəm. Doğrudan da, az vaxtda çox böyük uğurlar əldə etmisiniz. Bir il ərzində mətbuat orqanı olaraq formalaşdırdığınız imic kifayət qədər yaxşıdır. Bu baxımdan fəaliyyətinizi izləyir və təqdir edirəm. Kollektivinizə işlərində uğurlar arzu edirəm”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət bildirib ki, faktiki olaraq artan bir auditoriya toplamaqdasınız. Bu üstünlük fərqlilikdir:

“İndiki onlayn media arasındakı rəqabət şəraitində ayaqda qalmaq və auditoriya toplamaq ciddi bir problemdir. Bu baxımdan, sizi ayaqda qalmağınız münasibətilə təbrik edirəm. Şəxsi müşahidəm bundan ibarətdir ki, mənim izlədiyim istiqamətlər üzrə xəbərləriniz, dəyərləndirmələriniz, paylaşım və materiallarınız ciddiyyəti ilə fərqlənir. Saytınızda ciddiyyəti ilə fərqlənən bir sistem qurulub. Ümumilikdə götürdükdə, 1 il az müddətdir. Bu müddətdə tanıdılmaq, özünü tanıtmaq və ayaqda durmağı bacarmaq təbrik üçün əsas rolu oynaya bilər”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov qeyd edib ki, Metbuat.az gənc, amma iddialı saytdır:

“Saytınız qısa müddətdə özünə yaxşı auditoriya toplaya bilib. Saytın bacarıqlı kollektivi var. Getdikcə ciddi mövzulara daha çox yer ayırırlar. Bütün kollektivi təbrik edirəm, uğurların davamını gözləyirəm”.

“Publika.az” saytının redaktoru Bəxtiyar Əlirzayev bildirib ki, yaxşı ki, yaranmısınız, varsınız:

“Bu gün kimin kündəsi küt gedirsə, qaçıb xəbər saytı açır. Çoxu anlamır ki, bu dayanıqlı maliyyə, oturuşmuş, peşəkar işçilər, gecə-gündüz bilmədən zəhmət tələb edən bir işdir. Bunu anlamadıqlarına görə də dalana dirənirlər. Nəticədə isə oxucu çaş-baş qalır. Bilmir ki, xəbərini oxuduğu sayt hansı səviyyədədir. Bu bir il içində saytınız hamının saytına çevrilməyi bacardı. Oxucunun inamını qazana bildi. Düşmənlərimizlə informasiya müharibəsində mövqeyini qoya bildi və oxucuya həqiqəti çatdırmağı bacardı. Təbii ki, bütün bunlar həm təsisçilərin, həm baş redaktorun, həm də kollektivin düzgün xətt tutmasından xəbər verir. Buna görə də bir oxucu kimi hamınıza təşəkkür edirəm. Hazırda orda çalışanlara da, bu günə qədər əziyyəti keçib, indi başqa saytlarda fəaliyyət göstərənlərə də. Sizə xəbərlərinizi bir neçə dildə çatdırmağı, daha geniş kollektivə, oxucu auditoriyasına sahib olmağı arzulayıram. Xəbər qazanınız həmişə qaynasın. Qüsurlara gəlincə, iş varsa, qüsur mütləq olacaq. Əsas odur ki, siz bunları zamanla aradan qaldırmağı, işinizi daha da təkmilləşdirməyi bacarırsınız. İnanıram ki, növbəti ad gününüzdə Mətbuat.az-ın fəaliyyəti ilə bağlı diləklərinizin əksərinə çatmış olacaqsınız”.

Xəyalə Məmmədova / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR