İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı SON MƏLUMAT

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı son məlumat açıqlanıb.

Əməliyyat Qərargahından Metbuat.az-a verilən məlumata görə, axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

Məlumatda daha sonra qeyd edilir: "Son günlər hava şəraiti kəskin pisləşmiş - temperatur aşağı düşmüş, qar yağmışdır. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artmışdır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

Fövqəladə Hallar Nazirliyi bir daha təəssüf hissi ilə bildirir ki, əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə, əməliyyat şəraitinin mürəkkəbliyinə və ən əsası yaranmış vəziyyətin həssaslığına baxmayaraq, bəzi xəbər saytları həqiqəti əks etdirməyən, xüsusi ilə də əməliyyatda iştirak edən dövlət qurumlarının fəaliyyəti ilə bağlı doğru olmayan məlumatlar yayır.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə bir daha müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə, xilasetmə işlərinin aparıldığı ərazi və yaranmış vəziyyətlə birbaşa tanışlığı olmayan şəxslərin subyektiv fikirlərini yayarkən diqqətli olmağa çağırır və bu cür məlumat yayanlara yaranmış həssas vəziyyətə anlayışla yanaşmağı tövsiyyə edir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR