Avstriya Ələtdə müştərək müəssisələrin yaradılmasına maraq göstərir

Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Metbuat.az-a verilən məlumata görə, qonaqları Milli Məclisdə salamlayan vitse-spiker Azərbaycana səfərin və burada keçiriləcək görüşlərin səmərəli olacağına inam ifadə edib.

Görüşdə Andreas Rayxhardt uzun illərdən bəri Azərbaycanın dostu olduğunu və dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb, Avstriya ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsinə çalışdığını bildirib, ikitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından dost və tərəfdaş Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

İnfrastruktur layihələrinin vacibliyini vurğulayan V.Ələsgərov qeyri-neft sektorunda əməkdaşlığın perspektivlərinə toxunub, Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirak edə biləcəyini söyləyib. Vitse-spiker Parlamentdə birinci oxunuşda qəbul edilmiş “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi barədə məlumat verib və bildirib ki, ölkəmizdə yaradılacaq azad iqtisadi zonalarda heç bir vergi tətbiq edilməyəcək, gömrük rüsumu yığılmayacaq. Adı çəkilən qanun üçüncü oxunuşda qəbul edildikdən sonra digər qanunvericilik aktları da bu qanuna uyğunlaşdırılacaq.

Qonaq bildirib ki, azad iqtisadi zonada müştərək müəssisələrin yaradılması maraq doğuran məsələdir. Səfər çərçivəsində Avstriya nümayəndə heyəti Ələtə də gedəcək.

Görüşdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR