Prezident: "Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artıb"

Prezident: "Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artıb"
01:04 11 Yanvar 2015
435 Ölkə
Ölkə mətbuatı
A- A+

“Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaq”. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə  bu gün   Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.  

 

Dövlət başçısı bildirib ki, bir il bundan əvvəl qarşıya mühüm vəzifələr qoyulmuşdur və il ərzində çox gərgin iş aparılıb: “Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedib. Gərginlik, demək olar ki, böyük dərəcədə artıb. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilib. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdi, iqtisadi və sosial proqramlar icra olunub. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşayıb”.

 

“Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməyib. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək”, deyə dövlət başçısı vurğulayıb.

 

Prezident İlham Əliyev ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini vurğulayıb: “Keçən ilin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, həm ümumi daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin edilib. İqtisadiyyatımız təxminən 3 faiz artıb. Bu, bugünkü dünyada çox gözəl göstəricidir. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir”.

 

Dövlət başçısının sözlərinə görə, ilin sonunda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artıb: “Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.

 

“İnflyasiya çox aşağı səviyyədə olub - 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artıb. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələyib. Deyə bilərəm ki, son illər ərzində bu mənzərə müşahidə olunur - əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.

 

Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub. Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur”, deyə prezident qeyd edib.

 

 

Prezident İlham Əliyev qeyd edib ki, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır: “Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artıb, böyük həcmdə investisiya qoyulub, inflyasiya isə ən aşağı səviyyədədir”.

 

Manatın məzənnəsinin sabit olduğunu bildirən ölkə başçısı bir neçə ildir ki, manatın məzənnəsinin nəinki sabit olduğunu, eyni zamanda, əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazandığını qeyd edib: “Keçən il də biz bunu görmüşük. Bu da çox müsbət göstəricidir. Çünki manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır”.  

 

“Biz elə etməliyik ki, valyuta ehtiyatlarımız artsın. Biz bunu təmin edə bilmişik. Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda, ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq.

 

Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülüb. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir”, deyə prezident vurğulayıb.

 

Sosial sahəyə toxunan dövlət rəhbəri bu sahənin daim prioritet olduğunu, bu il də prioritet olaraq qalacağını qeyd edib: “Sosial obyektlərin inşası uğurla təmin edilib, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilib. Əməkhaqqı, pensiya artıb. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir”.

 

Prezident insanların rifah halının yaxşılaşdıqca ünvanlı sosial yardıma ehtiyacı olanların sayının azalacağına əmin olduğunu bildirib: “Çünki hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Keçən il də yoxsulluq aşağı düşübdür, işsizlik 5 faizdən aşağıdır. Bizim gördüyümüz işlərin nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir”.

 

Keçən il Azərbaycanda “Sənaye ili” elan edildiyini xatırladan ölkə başçısı 230-dan çox sənaye müəssisəsinin yaradıldığını qeyd edib: “123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Bu proses də sürətlə getməlidir. Çünki Azərbaycanda yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir edib. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artıb. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcək”.

 

“Keçən il bir neçə iri layihə icra edilib. Hər bir layihə özlüyündə nəhəng bir layihədir. Mən onların arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasını xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilib. Yəni, bu layihənin birinci mərhələsinin birinci hissəsi artıq icra edilib. Şəmkirçay su anbarı istifadəyə verilib. Bu da nəhəng layihədir, ölkəmizin uzunmüddətli və sürətli inkişafına təkan verəcək. Eyni zamanda, böyük sənaye müəssisələri, o cümlədən “Norm” sement zavodu istifadəyə verilib ki, orada sementin istehsalı 2 milyon tona bərabərdir. Bu zavodun istifadəyə verilməsi ilə biz artıq idxaldan asılılığımızı tamamilə aradan götürmüşük və ixrac imkanlarımız da artır”, deyə prezident qeyd edib.

 

Dövlət başçısının sözlərinə görə, dünyanın müxtəlif yerlərində böhran – iqtisadi böhran, maliyyə böhranı, siyasi böhran yaşanır: “Belə olan halda nəinki investisiyalar qoyulmur, hətta maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisar edilir. Ancaq buna baxmayaraq, biz Azərbaycanda bunun tam əksini görürük. Nəzərə alsaq ki, Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib, biz dünya iqtisadiyyatının bir parçasıyıq, belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalı idi. Biz buna planlı, əsaslı şəkildə nail ola bilmişik. Bu nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək”.

 

Dünyada neftin qiymətinin kəskin şəkildə, 2 dəfədən çox aşağı düşdüyünü bildirən prezident İlham Əliyev bunun ölkənin gəlirlərinə mənfi təsir edəcəyini qeyd edib: “Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcək”.

 

Keçən il ikinci peykin orbitə buraxıldığını xatırladan dövlət başçısı bunun nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihə olduğunu bildirib: “Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir. Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır”.

 

“ASAN xidmət” mərkəzlərinin açılmasını xüsusilə qeyd edən prezident İlham Əliyev artıq 7 mərkəzin fəaliyyət göstərdiyini qeyd edib:  “İki il ərzində 3 milyon 500 min müraciət olub və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət” əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. On yeni avtobus alınmışdır, səyyar xidmət daha da böyük coğrafi məkanda təmin ediləcək. Beləliklə, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıb. Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır.

 

Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir”.

 

Dövlət başçısı giriş nitqini yekunlaşdıraraq qeyd edib ki, nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar ölkənin sürətli inkişafına təsir edə bilməz: Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR