“Hələ də Atəşgaha ibadətə gələn zərdüştlər var”

“Hələ də Atəşgaha ibadətə gələn zərdüştlər var”
10:17 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Hazırda dünyada zərdüşt dininə sitayiş edənlərə rast gəlinməsə də, İranın Yəzd, Hindistanın Munbay şəhərində atəşpərəstlər qalmaqdadır. Günümüzdə yalnız dünyanın iki yerində - Şimali Hindistanda və Azərbaycanda atəşgah mövcuddur. Atəşə sitayiş edən insanların ən ali ibadət məbədi Azərbaycanda, Bakının Suraxanı rayonu ərazisində yerləşən Atəşgahdır. "Report"un əməkdaşları həmin “Atəşgah məbədi”indən reportaj hazırlayıb.
Daşdan qaz tunelləri var...
“Atəşgah məbədi”nin ərazisindəki ilk tikili 1713-cü ilə aiddir. Məbəd-səcdəgah isə 1810-cu ildə tikilib. 1883-cü ildə məbəd tərk edilib.
1975-ci ildən etibarən bura muzeyə çevrilib. Hazırda məbəd məhz turzim sektorunun inkişafı məqsədilə istifadə olunur. Məbəd 1998-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib.
Məbədin tarixini öyrənmək üçün aparılan arxeoloji qazantılar zamanı faydalı tapıntılar aşkarlanıb. Məbədin içərisində su quyusu, daşdan qaz tunelləri (yığıcılar) tapılıb.
Hazırda məbədin 21 işçisi var.
24 hücrə və mənası bilinməyən sanskrit yazıları
Məbəd 24 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Hücrələr zəvvarlar üçün tikilib. Hücrələrin qapısının üstündə sanskrit əlifbası ilə yazılar həkk olunub. Həmin yazıların mənası hələ də tam məlum deyil.
Buranı ziyarət edən zəvvarlar tərki-dünya olduğu üçün otaqlar boş olub. Hər hücrədə zəvvarların üşüməməsi üçün od çıxan yer və qazdan boğulmamaq üçün bacalar var.
İndi həmin otaqlar muzey kimi istifadə olunur, bütün hücrələrə kombi sistemi, həmçinin kameralar qoşulub. Otaqlarda arxeoloji qazıntılar nəticəsində aşkarlanan tapıntılar nümayiş olunur. Hücrələrdə saxlanılan ən qədim əşya e.ə. XVII əsrə aiddir.
Özünə zülm edənlər
Məbədin hücrələrində hindistanlı zəvvaların heykəlləri var. Məsələn, hücrənin birində özünü zəncirləyən, birində bədənini əhəngin üzərində yandıran, digərində özünü ac saxlayaraq özünə zülm edən zahidlərin heykəlləri var. Tərki-dünya həyat sürən bu zahidlər elə düşünürmüşlər ki, bədənlərinə əzab verənlərin ruhları paklanır.
Hücrələrin birində "Hind Allahı" Şivanın simvolu var.
XXI əsrin zərdüştləri
Nadir də olsa məbədə ibadət üçün gələnlər olur. Amma ibadət edənləri turistlərlə eyni vaxtda məbədə qoymurlar, çünki onlar hücrəni bir neçə saatlıq məşğul edirlər. Bununla da turistlərə mane olurlar.
Alova qurban verilməzlər
Zərdüştlərin özlərinə məxsus ritualları var. Məsələn, onlar müsəlmanlar kimi tanrılarına qurban kəsmirlər, alova qurban vermirlər. Ancaq deyilənə görə, hindistanlı zərdüştlərin arasında alova meyvə qurban verənlərə rast gəlinir.
Alov zərdüştlər üçün o qədər müqəddəsdir ki, oda yaxınlaşanda nəfəsləri alova dəyməsin deyə üzlərinə maska taxırlar. Bu maska onların xüsusi geyimlərinin bir hissəsidir. Zərdüştlərin digər din nümayəndələrindən fərqi ondadır ki, onlar dini geyimlərini ancaq məbəd daxilində geyinirlər.
Ərəblər
2017-ci ildə 2016-cı illə müqayisədə məbədə gələn turistlərin sayı 15-16 faiz artıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il Atəşgahı ziyarət edən turistlərin sayı 30 min 751 nəfər təşkil edib. Onların 25 min 346-sı xarici vətəndaşlar olub. 2017-ci ildə Atəşgahı ziyarət edən xarici ölkə vətəndaşlarının çoxunu isə Rusiya və Ərəb ölkələrindən gələn turistlər təşkil edib.
Ziyarətçi əsgərlər
Qoruğun direktoru Fuad Nuriyevin sözlərinə görə, Azərbaycan vətəndaşları məbədə daha çox yerli turist şirkətlərinin xətti ilə gəlirlər.
Qoruğa daxil olmaq üçün Azərbaycan vətəndaşları 2, xarici vətəndaşlar 4 manat ödəməlidir. Bəzi təbəqədən olan şəxslər (Sərhəd Qoşunlarının hərbçiləri, internat məktəblərinin uşaqları və s.) üçün giriş pulsuzdur.
Foto: Elçin Murad





































Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/hele-de-atesgaha-ibadete-gelen-zerdustler-var-reportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR