Azərbaycanın tranzit imkanları Misir şirkətlərinə təklif olunub

Azərbaycanın tranzit imkanları Misir şirkətlərinə təklif olunub
12:57 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycanla Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdədir. 
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib. 
Məlumata görə, Ş.Mustafayev Qəlubiyyə vilayətinin qubernatoru Məhəmməd əl Əşməui ilə görüşüb. Görüşdə regionlararası əməkdaşlıq məsələləri müzakirə edən nazir Azərbaycan-Misir əlaqələrinin uğurla davam etdiyini, əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu deyib. O, qeyd edib ki, Azərbaycan regionlararası əlaqələrin genişləndirilməsinə önəm verir.
Misirin baş naziri Şərif İsmayıl ilə görüşdə isə Ş.Mustafayev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb. İndiyə qədər Azərbaycanla Misir arasında 50-yə qədər qarşılıqlı səfərin həyata keçirildiyini qeyd edən nazir Azərbaycan nümayəndə heyətinin Misirə səfərinin də əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Onun fikrincə, iki ölkə arasında müxtəlif sahələrdə imzalanmış 50-yə yaxın sənəd iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır. Azərbaycanla-Misirin ticarət, investisiya, enerji, turizm, sosial və s. sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdıran Ş.Mustafayev əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Nazir vurğulayıb ki, ticarət əlaqələri, xüsusilə də Azərbaycan məhsullarının Misirə ixracı genişləndirilə, Misir şirkətləri daşımalar zamanı Azərbaycanın tranzit potensialından - Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutundan yararlana bilərlər.
Ş.İsmayıl ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildirib. 



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-tranzit-imkanlari-misir-sirketlerine-teklif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR