15 milyon ton zibilin yanında uçuşan milyardlar - SAVAŞ YENİ BAŞLAYIR

15 milyon ton zibilin yanında uçuşan milyardlar - SAVAŞ YENİ BAŞLAYIR
14:54 22 Fevral 2018
99 Digər
Ölkə mətbuatı
A- A+

 

 

- İndi adi bir qanun pozuntusuna görə deportasiya oluna bilərsən. Qarşıdan futbol üzrə dünya çempionatı gəlir. Maksimum çalışırlar ki, miqrantları başlarından eləsinlər. Amma miqrantsız da bunların işi getmir axı.


 

Bunu Moskvada Lent.az-ın əməkdaşına "Fud Siti" meyvə-tərəvəz bazasında satıcı işləyən Kərim deyir. 3 il yarım əvvəl açılıb "Fud Siti". Şəhər içində şəhərdir sanki. 100 hektara yaxın ərazini əhatə edir. Avropanın ən böyük topdan meyvə-tərəvəz bazasıdır. Hətta Paris yaxınlığındakı "Ranjis" bazasından belə böyükdür. İldə 2 milyon tona yaxın meyvə-tərəvəz satılır burada.

 

 

 

(Əvvəli burada http://news.lent.az/news/295173)

 

 

Əslində “Fud Siti” elə “Solyarvsk” zibilliyinin yerində tikilməliymiş. Amma bəs zibillik necə olsun? Onu harasa köçürmək lazım imiş axı. Görünür, bizimkilər özlərini əziyyətə salmaq istəməyiblər. Təsəvvür edin, təxminən 60 hektar ərazidə yerləşən bu zibillikdə 15 milyon ton zibil yığılıbmış. Bu, hələ 2010-cu ilin göstəricisidir. Bu qədər zibili daşımaq, hələ üstəlik, yeni zibillik yeri tapmaq Nisanov və İliyevə sərf eləmir. Amma təcili bazar ərsəyə gətirmək lazım idi. “Pokrovsk” bazası bağlanıb, Sarıyev qardaşlarının nəzarətində olan “Vıxino” topdansatış bazarı isə iflic vəziyyətindədir. Buna görə də dərhal Kalujsk şossesində yer tapılır. Və “Fud Siti”nin tikintisinə start verilir...

 

***

 

 

1990-cı illər Moskvasında əksər bazarları ələ keçirmiş azərbaycanlılar üçün həmişə “krışa” lazım olub. Və bu “krışa” da heç vaxt əskik olmayıb. 90-larda Moskvanın saysız-hesabsız bazarlarına səpələnmiş azərbaycanlılara əslən Lənkərandan olan “Fantomas Əli” ləqəbli Əlibaba Nəsrullayev rəhbərlik edirdi. Moskvanın Mərkəzi bazarı, “Leninqradski” və “Çeryomuşkinski”, “Rijski”, “Doroqoqomilovski” və digər bazarları əlində saxlayan Əli azərbaycanlıların bazarlarda rahat alver etməsi üçün etnik savaşlardan belə çəkinməzmiş. Əliylə bərabər Misrixan Abdulov, Cəmil Sadıqov, Qalib Əhmədov, Kamal Hüseynov kimi avtoritetlər də bazar müharibələrində əksər etnik qruplaşmaları yerində oturtmuşdular. O vaxt, əslində, elə indinin özündə də heç kimə sirr deyil ki, nəinki Moskvada, Rusiyanın bütün iri şəhərlərində belə bazar olan yerdə mütləq kriminal var.

 

Amma illər keçdikcə, iri hipermarketlərin yaranmasıyla klassik bazarlar da arxa plana keçdi. Bəziləri bağlandı, bəziləri söküldü. “Çerkizevo” kimi nəhəng isə sadəcə çökdürüldü. Bəs kriminal? Hə, kriminal da eləcə. İçi azərbaycanlılar qarışıq əksər qanuni oğrular sıradan çıxarıldı.

 

Amma bu o demək deyil ki, bazar müharibələri arxa plana keçdi, xeyr. Sadəcə, başqa müstəviyə keçdi.

 

 

***
 

“Fud Siti” ərsəyə gələndən sonra bir müddət boş qalmışdı. Daha doğrusu adətən metrostansiyalar yaxınlığındakı bazarlarda çalışmağa öyrəşmiş yerlilərimiz durub Moskvanın o başına getməyə heç də həvəsli deyildilər. “Pokrovsk” bazarında çalışan 10 mindən çox azərbaycanlı isə ümumiyyətlə başını itirmişdi. Hara gedək? Amma bircə şeyi anlamırdılar ki, “Pokrovks Məhərrəm” onları bir yerə aparıb çıxaracaq. Bu yer isə Domodedovo yaxınlığındakı baza oldu. Və “Pokrovsk”da çalışan azərbaycanlılar ora, Məhərrəmin yanına axışmağa başladılar.

 

Məhərrəm illərdir Rövşən Lənkəranskinin himayəsi altında çalışırdı. Elə Domodedovo bazarı da məhz Rövşənin nəzarətindəydi. Hansı ki, o, bazarda bütün nəzarəti Zaura tapşırmışdı. Zaur isə saat kimi işləyən mexanizm qurmuşdu. Bazara daxil olan bütün iri tonnajlı maşınlar üçün vahid qiymət qoyulmuşdu. Heç kim özbaşına qiymət qaldıra bilməzdi. Yeri gəlmişkən, hazırda “Fud Siti”də də anoloji təcrübədən istifadə edilir. Ölçüsündən asılı olmayaraq, bazanın həyətinə daxil olan maşının günlük dayanacaq haqqı 10000 rubl (təxminən 300 manatdır). Həmin maşın malını satana qədər gündəlik bu qədər pul ödəməlidir.

 

Domodedovo bazarı böyüdükcə “Fud Siti”də vəziyyət acınacaqlı olaraq qalırdı. Belə olan təqdirdə yəhudi iş adamları Məhərrəmi tapırlar. Ona “Fud Siti”nin idarəsini tapşırmaq istəyirlər. Məhərrəm isə Rövşənin qorxusundan əvvəlcə bu təklifə razılaşmır. Amma bəxti gətirir. Rövşənin qəfil qətli və Lənkəranski tərəfdarlarının hələ şokdan ayılmaması öz nəticəsini verir: Məhərrəm artıq “Fud Siti”də işə başlayır.

 

***

 

 

Zaman o zaman idi ki, artıq kürd klanının lideri Şakro Molodoy da İspaniya həbsxanasından buraxılmış, Ded Xasandan qalan postda möhkəmlənmək üçün Moskvada məskunlaşmışdı. Moskvadakı iri ticarət obyektlərini nəzarətə götürmək, necə deyərlər, “əmlak bölgüsünə” yenidən baxmağın vaxtıydı. Bu arada ən gözəçarpan isə təbii ki, “Fud Siti” idi. Bunu “Fud Siti”nin rəsmi və qeyri-rəsmi sahiblərinin hamısı başa düşürdü. Məhz Şakro və klanından qorunmaq üçün “Fud Siti” Zauru seçdi. Rövşən Lənkəranskinin yaxın qohumu, vaxtıyla sağ əli olmuş Zaur Əhmədovu.

 

 

Amma “Fud Siti” rəhbərliyinin bəxti yenə gətirmişdi. Şakro azadlıqda çox qala bilmədi. Yenidən həbsxanaya atıldı. İndi rahat nəfəs almaq olardı. Artıq bazar çiçəklənmə dövrünü yaşayırdı. Dünyanın az qala hər yerindən təyyarə və iri tonnajlı maşınlarla ildə “Fud Siti”yə 2 milyon tona yaxın mal daxil olurdu. Burada çalışanların təhlükəsizliyi də tam təmin edilmişdi. Heç bir etnik kriminal klan “Fud Siti”yə ayaq basmağa cəsarət edə bilməzdi.

 

 


Amma… Amma sakitlik Lotu Qulinin qəfil azadlığa buraxılmasıyla pozuldu. Bunu heç kim gözləmirdi. İllərdir həbsxanada yatan Quli həm bir nömrəli qanuni oğru adına iddia edir, həm də əmlak bölgüsünə yenidən baxmağı tələb edirdi. Elə ötən yazılarımızın birində qeyd etdiyimiz kimi, qardaşı Namiq Səlifovu da məhz buna görə Moskvaya göndərmişdi… Amma deyilənə görə, Namiq Moskvadan əliboş qayıtdı.

Qulinin təkcə “Fud Siti” yox, digər iri bazarlara girə bilməməsinin bir səbəbkarı da Vaqif Süleymanovdur. Moskvada yaşayan yeganə azərbaycanlı qanuni oğru, “Diplomat” ləqəbli Vaqif Süleymanovun da “Fud Siti” rəhbərliyi ilə yaxın münasibətləri var. Deyilənə görə, bu münasibəti azərbaycanlı oliqarxlardan biri yaradıb. Amma bütün bunların fonunda Quli geri çəkiləcəkmi? Yoxsa, onların üstünə gedəcək - bunu zaman göstərəcək.

 

 

***
 

- Bizə müharibə lazım deyil. Sakitcə oturub alverimizi edək, evimizə beş-on manat pul göndərək. Nəyimizə lazımdır ki? Yer pulundan başqa bizdən heç kim pul-para istəmir. Əvvəlki illər keçdi daha. Heç o illərə qayıtmaq belə istəmirik.

 

Bunu isə balaca arabasında çay satan Ağa deyir. Gündə bu kiçik arabayla azı 70-80 dollar qazanan gənc azərbaycanlı. Və təkcə çay, kofe satmaqdan. İndi təsəvvür edin, burada nə qədər pullar qazanılır. Və bu pullar uğrunda hansı mübarizə gedir… gedəcək.


 

Səbuhi Məmmədli, Moskva

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR