Mayakovski küçəsi 8/9 binasının sakinləri: “Burada yaşamaq təhlükəlidir”

Mayakovski küçəsi 8/9 binasının sakinləri: “Burada yaşamaq təhlükəlidir”
17:22 22 Fevral 2018
163 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 8/9 ünvanının sakinləri binanın istismar müddətinin bitməsindən, binanın qəzalı vəziyyətdə və yaşayış şəraitinin ağır olmasından şikayətlənirlər. "Report"un əməkdaşı şikayət əsasında həmin ünvana baş çəkib.
Yataqxananın istismar müddəti bitib
Bizi görər-görməz sakinlər həyat şərtlərinin ağır olduğu bu binanın hər künc-bucağını gəzdirərək gördüklərimizi lentə və qələmə almağımızı xahiş etdilər. Sakinlərin dediyinə görə 1934-cü ildə istismara verilən binada ötən illər ərzində heç bir əsaslı təmir işləri olmayıb. Nəticədə bu gün hər an uçmaq təhlükəsilə üz-üzədir. Rəsmi müraciətə əsasən binaya Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və digər qurumlarının əməkdaşlarının birgə baxışından sonra bununla bağlı akt da tərtib edilib. Aktda deyilir: "Bina 2 giriş, 5 mərtəbədən ibarətdir. 1934-cü ildə inşa edilmişdir. Uzunluğu 50, eni isə 15 metrdir, zirzəmisizdir. "Qaçqınkom"un məlumatına əsasən binada 31 ailə, 115 nəfər yaşayır...
... Vizual texniki baxış zamanı pilləkən marş və meydançalarında çat, deformasiya və ciddi aşınmalar müşahidə olundu. Pilləkənin marş və meydançalarının birləşmə düyünlərində beton mühafizə qatı tökülmüş, armatur milləri açıqda qalaraq karroziyaya uğramışdır. Binanın daxilində yerləşən və ümumi istifadədə olan mətbəx-sanitar qovşaqları bərbad vəziyyətdədir və istismara tam yararsızdır. Mərtəbələrarası örtük qatı və döşəmə konstruksiyalarında çürümə və sınma halları müşahidə olundu.
Binanınn eyvanlarında beton mühafizə qatı tökülmü, armatur milləri açıqda qalaraq karroziyaya uğramış və mciddi zədələnmişdir.
Bina uzun müddət təmirsiz istismar edildiyindən dam örtüyüfiziki köhnəlmiş, örtükmaterialları yaarsız vəziyyətə düşmüşdür. Sanitar qovşaqlarında su və kanalizasiya xətləri işləmədyindən su divara sızaraq daxili və xarici yükdaşıyan divarlarda ciddi aşınmalar yaratmışdır. Dama düşən atmosfer yağıntı suları bilavasitə yuxarı mərtəbələrə axdığından mənzillərin örütk qatlarını yararsız vəziyyətə salmışdır. 
 .... Binada məskunlaşan 115 nəfər sakinin yaşayış səviyyəsi minimal normaların tələblərinə cavab vermir. Yataqxana binasının mövcud texniki vəziyyəti yolverilməzdir". 



Binada məcburi köçkünlər də yaşayır
Binanın divarı, döşəməsi çürüyüb, dəhlizləri kif qoxusu bürüyüb. Sakinlərin dediklərinə görə hər an ölümlə üz-üzədirlər. Hər gün nəsə bir hadisə, kiçik qəza baş verir. Həmsöhbətim Baxşəliyev Sənan Vəliyyəddin oğlu iki ay öncə burada yıxılaraq başından və qolundan ciddi xəsarətlər aldığını bildirdi: “Bu binada yaşamaq təhlükəlidir. Hazırda başımda 12 tikiş var. Qolumun gipsi də ötən həftə açılıb”.
Bu yaxınlarda döşəməsi çürümüş dəhlizdə ayağı boşluğa düşərək yıxılan 83 yaşlı Zöhrə xanım da bu binanın növbəti qurbanı olub. Yaşlı qadına tibbi yardım göstərilsə də, kəllə-beyin travması aldığı üçün xəstə yatağına məhkum olub.
Binada 31 ailə, ümumilikdə 115 nəfər yaşayır.
Qeyd edək ki, keçmiş Azərbaycan Maşınqayırma Zavodunun (AzərMaş) bazasında tikilən və həmin müəssisəyə aid olan yataqxanada hazırda vaxtı ilə bura köçmüş ailələrlə yanaşı Füzuli, Ağdam və s. rayonlardan olan məcburi köçkünlər də yaşayırlar.
Buna görə məsələyə baxılması üçün Nərimanov Rayon İcra Hakimiyyəti ilə yanaşı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) də müraciətlər olub.
Xatırladaq ki, paytaxtın bir neçə rayonunda abadlıq işlərinin aparılması, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, keçən ilin fevral ayında Nazirlər Kabineti 86 saylı qərar qəbul edib. Qərara görə, 5 il müddətində paytaxtın 9 rayonunda köhnə binalar sökülərək yeniləri ilə əvəz ediləcək.

Qərara görə, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmalıdır. Və qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidir. Bununla bağlı Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayon icra hakimiyyətlərinə xüsusi tapşırıq verilib.
Rəsmi qurumların açıqlaması
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov "Report"a açıqlamasında qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması işlərindən danışaraq bu məsələnin də gündəmdə olduğunu söyləyib: “Bu günə kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı layihəyə əsasən 297 müasir qəsəbə salınıb ki, 265 min nəfər qaçqın və məcburi evlə təmin edilib. Daha ağır şəraitdə, qəzalı binalarda yaşayan məcburi köçkünlərin yeni evlərlə təmin edilməsi prosesi bu gün də mərhələli şəkildə davam etdirilir. Sözügedən binada yaşayanların köçürülməsi ilə bağlı konkret vaxt deyə bilməsək də, gələcəkdə onların evlə təmin olunması məsələsinə baxılacaq".
Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov isə "Report"a açıqlamasında rayon rəhbərliyinin binanın sökülüb yerində yeni bina tikilməsi ilə bağlı qərarının olduğunu bildirib. Sadəcə bunun nə vaxt reallaşacağı bəlli deyil. H.Cəfərov sakinlərin köçürülməsilə bağlı alternativ variantlarının olmadığını da əlavə edib.










































Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/mayakovski-kucesi-8-9-binasinin-sakinleri-burada-yasamaq-tehlukelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR