“Aparat hər hansı istiqamətdə müşahidə aparırsa, demək..." – Şair Ramaldanov

Xəbər verdiyimiz kimi, fevralın 21-də cəbhənin Füzuli istiqamətində ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.

Uzun illərdir ki, erməni təxribatı davam edir, ancaq ordumuzun ayıq-sayıqlığı nəticəsində bu təxribatların qarşısı alınır. Bir neçə gün öncə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Z.Həsənov cəbhə xəttində iki silahlanmış ordunun daim üz-üzə dayandığını qeyd edərək müharibənin hər an başlaya biləcəyini istisna etməyib.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Metbuat.az-a açıqlamasında bildirib ki, müharibə bu gün də davam edir, sadəcə aktiv şəraitdə deyil: “Yəni, 25 ildir Qarabağ müharibəsi davam edir, sadəcə atəşkəs rejimində. Bildiyiniz kimi, atəşkəs də müharibənin qurtarması demək deyil. Sadəcə atəşkəs dövründə beynəlxalq qurumların üzərinə götürdüyü öhdəçiliklər olur ki, Qarabağ məsələsini sülh yolu ilə həll edə bilsin. Ancaq göründüyü kimi bu məsələ illərdir həll olunmur və artıq hərb yoluna qədər gəlib çıxıb. Görünən budur ki, bu məsələ sülh yolu ilə bir nəticə vermir. Bunu artıq beynəlxalq qurumlar da etiraf edir. Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev beynəlxalq ictiamiyyətə, qurumlara iştirak etdiyi bütün sammitlərdə, tədbirlərdə bəyan edir ki, nə sülh, nə hərb variantı çox davam edə bilər. Azərbaycan gec-tez bu məsələni həll etmək məcburiyyətində qalacaq və ölkəmizə başqa bir çıxış yolu qalmır.

O ki, qaldı ermənilərə, biz bilirik onlar nə istəyirlər. Ermənistan istəyir ki, Qarabağda ikinci erməni dövləti yaratsınlar. Bununla əlaqədar də ermənilər öz təxribatlarını gücləndirirlər, sadəcə bu təxribatlar müəyyən vəziyyətdə çoxalır və ya azalır. Ermənistanın daxilində bir gərginlik olanda, sosial problemlərə görə camaat küçələrə axışanda, müəyyən tələblərlə, eyni zamanda Qarabağ məsələsinin həlli tələb ediləndə müxalifət və digər ictimai qurumlar çıxış edəndə Ermənistan bu təxribatları çoxaldır. Bildiyiniz kimi, son zamanlar erməni deputatlar da tez-tez bununla bağlı çıxış edirlər ki, Qarabağ məsələsini həll etmək lazımdır. Çünki Qarabağ məsələsi Ermənistana müsbət heç nə vermir, nə tanınır, nə investisiya qoyulur, bütün dünya deyir ki, bu torpaqlar Azərbaycanındır, Azərbaycanın ərazi bütövlüyü tanınır, qətnamələr var və s. Bu qədər zaman keçib və Ermənistan enerji layihələrindən, digər mühüm layihələrdən kənarda qalıb. Buna görə də getdikcə iqtisadiyyatı pis vəziyyətə düşür, miqrasiya problemi yaşayır, əhali ölkədən gedir. Digər tərəfdən isə oğlu olan valideynlər övladlarını Qarabağa hərbi xidmətə göndərməmək məqsədilə çağırış vaxtı çatanda ölkədən çıxıb getməli olurlar. Yəni, mütəmadi olaraq Ermənistanda bu cür etirazlar, problemlər davam edir. İndi isə bilirsiniz ki, daha da gərgin vaxtdır, həm Xocalı faciəsinin ildönümünə az qalıb, həm qarşıdan prezident seçkiləri gəlir. Sarkisyan da öz hakimiyyətinin zamanını uzatmaq üçün müəyyən tədbirlərə əl atır. Bu tədbirlərin də ən əlverişlisi Qarabağda vəziyyəti gərginləşdirmək və cəmiyyətin fikrini orada olan gərginliyə yönəltməkdir. Məqsəd də əhalinin sosial problemlərə görə haqq tələbindən diqqəti digər məsələyə yönəltməkdir.

Bildiyiniz kimi, son zamanlar Ermənistan rəhbərliyi qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına səfər ediblər, müəyyən tədbirlər keçiriblər. Bunlar hamısı Qarabağda vəziyyəti sakitləşdirən yox, gərginliyi artıran tədbirlərdir. Qarabağda bu cür tədbirlərin keçirilməsi gərginliyin artması, hansısa yeni təxribatların həyata keçirilməsi ilə nəticələnir. Əgər bu gün ermənilər Qarabağda aktiv diversiya qruplarının nəticəsini görə bilmirsə, hətta təxribata başlamağa belə çox zaman çəkinirsə, təxribat olsa belə, başlamadan öncə qarşısı alınırsa, bunu edən bir qüvvə var, o da Azərbaycan ordusudur. Bu, təmas xəttində olan bölmələrin ayıq-sayıqlığıdır, orada olan komandir və digər hərbi heyətin peşəkarlığıdır, silah-sursatın, müasir müşahidə texniki imkanlara malik olan kəşfiyyat cihazlarıdır, pilotsuz uçuş aparatlarıdır, hansı ki, istər gecə, istər gündüz hansısa dəyişiklik olarsa, dərhal müəyyən edir. Bütün bunlar erməni ordusunu geniş təxribatlardan saxlayır. Ötən gün saxlanılan kvadrokopter və ya ümumiyyətlə hər hansı aparat müəyyən istiqamətdə müşahidə aparırsa, demək o istiqamət düşmən üçün maraqlıdır, demək o istiqamətlə bağlı düşmən nəsə düşünür, ona görə kəşfiyyat aparır, məlumat toplayır və o istiqamətdə əlverişli şərait yaransa və ya hansısa bir zəiflik, boşluq, diqqətsizlik, ayıq-sayıqlığın itirilməsi hiss olunsa, o istiqamətdə təxribata əl atılacaq. Ancaq həmin an həmin aparatın aşkar edilməsi, vurulması onu göstərir ki, bizim əsgərlər ayıq-sayıqdılar. Ermənilər eyni zamanda atəşkəsi 150 dəfədən çox pozurlar ki, daha sonra cavab atəşi ilə susdurulurlar”.

Şair Ramaldanov deyir ki, bir neçə gün öncə müdafiə naziri Zakir Həsənov da yenidən beynəlxalq aləmə öz sözünü deyib və müdafiə naziri kimi bir daha bu xəbərdarlığı səsləndirib ki, bu belə davam edə bilməz, ermənilərin təxribatları heç vaxt qurtarmayacaq: “Nazir bildirib ki, Azərbaycan daimi olaraq təxribatlara cavab verməklə kifayətlənməyəcək. Gec-tez bunun sonu olmalıdır. Azərbaycan Silahlı Qüvvələri əldə etdiyi imkanlar nəticəsində bu gün o məsələni həll etməyə qadirdir. Müdafə naziri bəyan edib ki, Azərbaycan beynəlxalq normalara hörmət edərək hələ ki, dözümlülük göstərir və beynəlxalq qurumlara, Minsk qrupunun həmsədrlərinə imkan verir ki, hələ ki, bu məsələni nəzarətdə saxlasın və bəlkə sülhə nail ola bilsin. Ancaq təbii ki, ermənilərin təxribatı, atəşkəsi pozması, əhalini narahat edəcək addımlar atması daimi ola bilməz. Azərbaycan ordusu hər an torpaqlarını azad etməyə və qələbə bayraqlarını işğal olunmuş bütün torpaqlarımızda sancmağa qadirdir”.

Günay Elşadqızı / METBUAT.AZ

http://matbuat.az/news/903143/onlarin-bu-addimi-hec-cemiyyetde-hiss-olunmur.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR