" Rəsmi Qahirə Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırdır"

Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, Ş.Mustafayev Prezident İlham Əliyevin salamlarını və məktubunu Misir Prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycanla Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Ş.Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qeyd olunub ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq ərazilərimizi işğal altında saxlamaqda davam edir.

Ş.Mustafayev Misirə səfəri çərçivəsində keçirdiyi görüşlər, Müştərək Komisiyanın iclası və imzalanacaq sənədlər barədə Misir Prezidentinə məlumat verib.

Bu ilin mart ayında Misirdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumatlı olduğunu qeyd edən iqtisadiyyat naziri Prezident Əbdülfəttah əs-Sisiyə uğurlar arzulayıb.

Əbdülfəttah əs-Sisi diqqətə çatdırıb ki, rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Misir və Azərbaycan xalqlarının dost və qardaş xalqlar olduğunu vurğulayan Misir Prezidenti ölkəsinin çətin vaxtlarında göstərilən köməyə görə Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Misir Prezidenti onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR