Play Store

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Küveytdə tədbirlər keçirilib

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib.

Səfirlikdən Metbuat.az-a bildiriblər ki, ərəb dilində hazırlanmış “Xocalı soyqırımı”, ingilis dilində “Xocalı - XX əsrin soyqırımı” kitabları, eyni zamanda, 1992-ci ildə Xocalıda törədilmiş soyqırımını əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində DVD variantı, Küveyt Xarici İşlər Nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına, Millət Məclisinə (parlament), ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib. Bununla yanaşı, səfirliyin ərəb dilində press-relizi Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar bəyanatı Küveytin parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.

Fevralın 21-də Azərbaycanın Küveytdəki səfirliyində Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və digər ölkələrin diaspor təşkilatlarının nümayəndələri, ictimai-siyasi xadimlər, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Səfir Elxan Qəhrəman tədbirdə çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin nəinki Azərbaycan tarixinə, ümumiyyətlə, insanlıq tarixinə qanlı hərflərlə yazıldığını, həmin gecə erməni yaraqlılarının SSRİ-nin Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının zirehli texnika və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etdiyini, orada yaşayan mülki əhalini qəddarlıqla qətlə yetirdiyini, bu qanlı cinayət nəticəsində erməni millətçi və separatçılarının Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə hər cür qeyri-insani vəhşiliyə hazır olduqlarını bir daha nümayiş etdirdiyini deyib. O, Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin insan haqlarını kobud şəkildə pozduqlarını, beynəlxalq hüquqi aktlara məhəl qoymadıqlarını bildirib.

Səfir Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi istiqamətində işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başladıldığını vurğulayıb, və bununla bağlı görülən işləri diqqətə çatdırıb.

Sonra mərasim iştirakçıları Xocalı soyqırımına həsr olunmuş filmə baxıblar. Səfirliyin təşəbbüsü və dəstəyi ilə ərəb dilində hazırlanmış “Xocalı soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunub. İştirakçılar, həmçinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları ilə və fotolarla tanış olublar.

Qeyd edək ki, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetində məqalə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR