Prezident: "2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi prioritet olacaq"

Prezident: "2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi prioritet olacaq"
03:07 11 Yanvar 2015
287 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 02:21 ]

"Sahibkarlar ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdır"

Bakı-APA. “Heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq. 2014-cü ilin sonlarında müşahidə olunan proseslər təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcək. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaq”. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib. 

 

Dövlət başçısı əmin olduğunu bildirib ki, əvvəlki illərdə aparılan siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazırlılıq, 2015-ci ili də uğurla başa vurmaq üçün  imkan yaradacaq.

 

Prezident qeyd edib ki,  hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir: “Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcək. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar”.

 

“Azərbaycan özünü dünyanın bir parçası kimi çoxdan təsdiq edib və indi biz dünyaya açığıq, açıq iqtisadiyyat, açıq siyasət, açıq qapılar siyasəti aparırıq. Birbaşa qoyulan xarici sərmayələrin həcminə görə Azərbaycan bu bölgədə uzun illərdir ki, liderlik mövqelərini saxlayır. Yəni, biz dünya iqtisadiyyatının bir parçasıyıq. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və iqtisadiyyatımızı qorumaq əzmində olmağımız əlbəttə ki, bu nadir vəziyyətin yaranmasına gətirib çıxarıb. Biz bunu qorumalıyıq. 2015-ci il də bu istiqamətdə önəmli il olacaq”, deyə ölkə başçısı qeyd edib.

 

Dövlət başçısı qeyri-neft sektorunun inkişafının ikinci önəmli vəzifə olduğunu qeyd edib: “Əgər biz vaxtilə bu istiqamətdə önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi. Ancaq bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu, eyni zamanda, həm investorlara, həm yerli şirkətlərə əlavə nikbinlik verir”.

 

“Nəyin hesabına buna nail ola bilmişik? İlk növbədə, regional inkişaf proqramının icrası, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, düşünülmüş siyasət, sənayeləşmə siyasəti, xarici investisiyaların cəlb edilməsi, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi sayəsində. Bütün bu amillər qeyri-neft sektorumuzun inkişafını təmin edir”, deyə prezident İlham Əliyev qeyd edib.

 

Prezident İlham Əliyev qeyd edib ki,  qeyri-neft sektorunun inkişafı üçün infrastruktur layihələr icra edilir: “Əgər bu layihələr icra edilməsəydi, regionlarda biznes imkanlarından söhbət gedə bilməzdi. Eyni zamanda, düşünülmüş iqtisadi siyasətlə düzgün prioritetlər seçmişik və ildən-ilə bu prioritetlərin növbəliliyi dəyişir. Bu da təbiidir, çünki biz doqmatik yanaşmadan çox uzağıq, çevik iqtisadi siyasət aparırıq. Daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər və digər tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaq. Bu, bizim vəzifəmizdir. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir. Biz bu vasitədən səmərəli şəkildə istifadə edirik”.

 

Dövlət başçısı qeyd edib ki, sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi bu il də təmin ediləcək: “Bu təşəbbüsün çox gözəl nəticələri var. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Yerlərdə də bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il o cümlədən öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsaiti qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdır. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdır. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək”.

 

“Çünki dünyada indi bir tərəfdən iqtisadi böhran davam edir, vəsait qıtlığı müşahidə olunur, eyni zamanda, investisiya qoymaq üçün o qədər böyük seçim də yoxdur. Çünki böhran içində çabalayan ölkələrə kim investisiya qoyacaq? Ona görə sabit ölkələrə, ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan ölkələrə xarici investisiyalar cəlb etmək daha asandır. Burada əlbəttə ki, informasiya qıtlığı öz rolunu oynayır. Amma son illər ərzində keçirilən təqdimatlar, biznes forumlar, Azərbaycan ilə bağlı dünya ictimaiyyətinə, o cümlədən biznes strukturlarına dolğun informasiyaların ötürülməsi artıq xarici investorlar üçün Azərbaycanı çox cəlbedici ölkəyə çevirib”, deyə dövlət başçısı vurğulayıb.

 

Prezident qeyd edib ki, bu il qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektorunun rolu xüsusi əhəmiyyətə malikdir: “Son vaxtlar bizim banklarımız real iqtisadiyyata daha da böyük həcmdə kreditlər ayırır. Mən bunu dəstəkləyirəm və keçən müşavirələrin birində qeyd etmişdim ki, daha çox bu sahəyə kreditlər verilməlidir. Biz artıq bunu görürük. Bu, çox müsbət yanaşmadır, bank sektorunun məsuliyyətini göstərir.

 

Xüsusilə bir daha demək istəyirəm ki, 2015-ci il dünya üçün asan il olmayacaq. 2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki, banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək”.

 

“İndi müxtəlif istehlak kreditlərinə də, digər layihələrə də vəsait ayrılmalıdır. İndi Azərbaycanda ticarət mərkəzləri, ofis və yaşayış binaları tikilir. Bu da təbiidir, çünki ölkə, iqtisadiyyat inkişaf edir, insanların bu layihələrə ehtiyacı var. Bu da lazımdır. Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait prioritet təşkil edir.

Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdır. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidir. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar”, deyə dövlət başçısı qeyd edib.

 

 

 

 

Prezident İlham Əliyev qeyd edib ki, 2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr tam şəkildə icra ediləcək: “Demək istəyirəm ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcək. Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Məktəb, xəstəxana tikintisi davam etdiriləcək. Eyni zamanda, infrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu ilin əvvəlində və keçən ilin sonunda bu istiqamətə Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılıb. Bu il ən azı 300 artezian quyusu qazılacaq və ən azı 50 kənddə modul tipli təmizləyici qurğular quraşdırılacaq. İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir, kənd yolları da həmçinin. Bu il də bu proses davam etdiriləcək. Bu yaxınlarda imzaladığım sərəncamlar əsasında artıq hər kəs görür ki, biz burada da öz siyasətimizi davam etdirəcəyik”.

 

Dövlət başçısının sözlərinə görə, kanallar çəkilməli, yeni əkin sahələri dövriyyəyə buraxılmalıdır: “Ona görə meliorativ tədbirlər də prioritet olaraq qalacaq. Bunlar bilavasitə ərzaq təhlükəsizliyi ilə bağlı olan layihələrdir. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən il də biz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulub. Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcək.

 

Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir. Çünki əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik. Beləliklə, ixrac üçün bizim yeni məhsullarımız olacaq.

 

Bizim Şəmkirçay və Taxtakörpü su anbarlarının fəaliyyəti nəticəsində on minlərlə hektar torpaqda yeni məhsulların yetişdirilməsi gözlənilir. İndi artıq bu yerlər müəyyən edilib və bu yeni sahələrdə məhsulların yetişdirilməsi prosesi başlayır”.

 

Prezident İlham Əliyev keçən il “Sənaye ili” elan edildiyini xatırladaraq, sənayenin inkişafı ilə bağlı bir çox tədbirlərin görüldüyünü qeyd edib: “Mən keçən müşavirələrdə də demişəm ki, hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq pilot layihəsi icra edilir. Yəqin ki, bu il biz bu  layihənin başlanmasını görəcəyik. Eyni zamanda, bizim ənənəvi sənaye mərkəzlərimiz də öz imkanlarını genişləndirir. Sumqayıt, Gəncə, Mingəçevir, əlbəttə ki, Bakı şəhəri, xüsusilə Qaradağ rayonu bizim əsas sənaye mərkəzlərimizdir.

 

Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilib. Demək olar ki, texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var. Əlbəttə, biz çalışmalıyıq ki, öz təbii imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək. Yəni, budur bizim əsas məqsədimiz. Biz hər bir sahədə hazır məhsul istehsal etməliyik. Bu, böyük dövlət vəsaiti tələb edən layihədir. Baxmayaraq ki, indi bizim gəlirlərimiz azalacaq, hesab edirəm, bu layihə sənayemizin inkişafı üçün prioritetdir, minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycanda yeni ixrac məhsulu yaranacaq və bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına əlavə təkan verəcək. Ona görə bu layihənin icrası ilə bağlı heç bir yubanma ola bilməz. Bu məsələ Dövlət İnvestisiya Proqramında öz əksini tapıb”.

 

Dövlət başçısının sözlərinə görə, builki Dövlət İnvestisiya Proqramı əvvəlki illərdən fərqlənir: “Çünki dövlət tərəfindən qoyulacaq vəsait daha da azalacaq. Bu da təbiidir. Ancaq prioritetlər düzgün seçilib və əvvəlki illərdə bir çox işlərin görülməsi imkan verir ki, biz artıq bu investisiya proqramımızı ixtisar edək. Çünki Taxtakörpü, Şəmkirçay böyük dövlət vəsaiti tələb edən nəhəng layihələrdir. Kənd yollarının, içməli su layihələrinin bir çoxu artıq icra edilib. Ancaq prioritetlər var və biz dövlət investisiyalarını dayanıqlı inkişafa yönəltməliyik. Çünki əgər biz bunu etməsək, bir neçə ildən sonra artıq boşluq yaranacaq. Biz isə buna imkan verə bilmərik. Çünki ilk növbədə, ölkənin dayanıqlı inkişafı təmin edilməlidir və eyni zamanda, iş yerlərinin yaradılması daimi prosesdir”.

 

“Bəzi ölkələr demoqrafik böhrandan əziyyət çəkir. Əlbəttə ki, ən ağır böhran demoqrafik böhrandır. Çünki bəzi ölkələrdə əhali həm təbii səbəblər üzündən kəskin şəkildə azalır, eyni zamanda, o ölkələrdə miqrasiya çox sürətlə gedir. Azərbaycan əhalisi artır. Bu, böyük üstünlüyümüzdür. Azərbaycan əhalisi nə qədər artsa, biz o qədər də güclənəcəyik. Ancaq demoqrafik artım özü ilə bəzi problemlər də gətirir, o cümlədən işsizlik. Ona görə biz nə qədər yeni iş yerləri yaratsaq da, yenə də iş yerlərinin yaradılmasına ehtiyac var.

Dövlət Proqramının əvvəlindən - 2004-cü ildən bu günə qədər bir milyon 300 min iş yeri yaradılıbdır. İşsizliyin azaldılması bunun hesabına mümkün olub. Ancaq bu, daimi proses olmalıdır. Bu prosesi təmin etmək üçün biz yeni sənaye istehsalları yaratmalıyıq.”, deyə prezident qeyd edib.

 

Dövlət başçısı keçən il nəqliyyatla bağlı işlərin uğurla icra edildiyni qeyd edib: “Ələtdə yeni dəniz ticarət limanının tikintisi bu il də davam etdiriləcək. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır. İndi artıq sınaqlar keçirilir. Azərbaycan tərəfindən bütün işlər demək olar ki, görülüb. Ümid edirəm ki, bütün başqa sahələrdə tikinti-quraşdırma işləri bu il başa çatacaq və biz bu layihənin açılışını qeyd edəcəyik.

Bu da tarixi layihədir. Uzun illər bu layihə ətrafında danışıqlar, müzakirələr gedirdi. Ancaq Azərbaycan həm öz vəsaitini, həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə artıq reallaşmağa başlayıb”.

 

Prezident nəqliyyatla bağlı digər layihələrin də icra edildiyni qeyd edib: “Ölkəmizə yeni təyyarələr gətirilir. MDB məkanında Azərbaycan birinci ölkədir ki, ən müasir “Boeing-787” Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilib. Bundan əvvəlki dövrdə müasir təyyarələr alınıb. Yeni marşrutlar müəyyən edilir. Hava nəqliyyatı hər bir ölkə üçün önəmlidir. Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə çevrilib. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcək”.

 

“Xəzər Gəmiçiliyi ilə bağlı işlər görülür, islahatlar aparılır, yeni gəmilər alınır və ən önəmli hal ondan ibarətdir ki, Azərbaycanda gəmiqayırma zavodunda artıq gəmilər istehsal olunur. Həm neft-qaz əməliyyatları üçün sifarişlər verilib, həm də hərbi məqsədlər üçün gəmilər tikiləcək. Eyni zamanda, bizim bütün digər gəmilər - tankerlər, yük gəmiləri Bakıda istehsal olunacaq. Bu da sənayeləşmə siyasətimizin bir nəticəsidir. Vaxtilə gəmiqayırma zavodunun tikintisi barədə qəbul olunmuş qərar artıq özünü doğrultdu. Çünki biz görürdük ki, gəmilərin - tankerlərin, yük, servis gəmilərinin hamısı xaricdən alınır. Ancaq bizdə daxildə tələbat var. Biz gərək öz donanmamızı yeniləşdirək. Eyni zamanda, böyük neft-qaz əməliyyatları aparılır və aparılacaq. “Şahdəniz”lə bağlı yeni gəmilərə ehtiyac var. Ona görə, qısa müddət ərzində gəmiqayırma zavodunun tikintisi çox önəmli addım idi və bu zavod bütün Xəzəryanı ölkələrə xidmət göstərə bilər. Mən Xəzər Sammitində öz həmkarlarımla söhbət əsnasında söyləmişdim ki, artıq belə zavod var və siz də bundan faydalana bilərsiniz, sifarişləri verə bilərsiniz. Ümumiyyətlə, biz Xəzər hövzəsində bu istiqamətdə daha da sıx əməkdaşlıq edə bilərik. Əgər, misal üçün, Bakıda belə müasir zavod varsa, inanmıram ki, başqa yerdə belə zavodun tikintisinə ehtiyac olsun. Yəni, burada da kooperasiya işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir”, deyə dövlət başçısı vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368668

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR