Bağışlayın, siqaretiniz olmaz?

Bağışlayın, siqaretiniz olmaz?
11:43 23 Fevral 2018
92 Digər
Ölkə mətbuatı
A- A+

Leyla Sarabi

“Tanrı öncə kişini yaratdı. Sonra qadına can verdi. Nəticədə kişiyə elə yazığı gəldi ki, yer üzünə tütünü endirdi”.

Mark Tven

Son günlər gəldiyim qənaət budur ki, insanlar iki cəbhəyə bölünür. Siqaret çəkənlər və siqaret çəkənlərin tüstüsünə alışıb, kül olanlar. Başıaşağı yolumuzla gedib, kimsənin pişiyinə daş atmadığımız o məsum vaxtlarımızda belə yanımızdan keçən tanımadığımız tanışın siqaret tüstüsünü üzümüzə qusduğu məqamlar az olmayıb. Yaxud da “xanım, bir siqaret yandırsam, sizi narahat etmərəm ki?” - deyibən, cavabımızı gözləmədən, alışqanı əlinə alan müsyölərin boz dumanında az boğulmamışıq. Bu məqamda insanın fikrindən bir şey keçir, sənin siqaretinin zəhərində boğulunca, elə özüm alıb, çəkərəm də, adam. Amma etiraf edim, dünyanın hər yerində siqareti tum əvəzi çırtlayan qadınlar görüb, etinasız qalmışam, tək Azərbaycandan başqa. Fərq etməz türk, alman, fars, italyan... onlar üçün əllərində tutduqları sadəcə siqaretdir. Məsələn, Avropada nahar fasiləsinə çıxan bir neçə AZAD qadın, siqaret yandırıb, yorğunluğunu xəfiflədə bilər. Yaxud da dayanacaqda tramvay gözləyən tələbə oğlan özü yaşda, şaxtadan donsa da, nazik dəri gödəkcəsini əynindən çıxartmaq istəməyən, soyuqdan burnu, yanaqları çuğundura dönən (bəlkə də mən qocalmışam, amma qışın oğlan çağında tük kimi nazik geyinib, dişlərinin səsi eşidilən gəncləri anlamıram) bir qıza yaxınlaşıb: “Bağışlayın, təsadüfən üstünüzdə siqaret olmaz ki?" - deyə bilər. Qız da don vurmuş əllərini cibinə salıb, iki siqaret çıxardar. Birini özünə, digərini də siqaret ortağına...

Bizdə vəziyyət bir qədər fərqlidir. Əksər hallarda Azərbaycan qadını barmaqlarının arasına əda ilə sıxdığı bu zəhər çöpünə daha dərin məna verib, cazibəsinə yeni çalar qatmağa çalışır. Qadınlarımızda ən çox qıcıqlandığım da budur.

Da Vinçi deyirdi ki, təbiət hər kəsə yetəcək qədər müdrik qanunlar üzərində qurulub. Hər şeydə ifrata varan biz insanlarıq. Sən demə, bu gün ard-arda yandırıb, həm öz ciyərlərinizi, həm də bizim içimizi qaraltdığınız tütün eramızdan əvvəllər müalicəvi məqsədlərlə istifadə olunurmuş. Təbiblər təmiz tütündən ağrıkəsiçi kimi istifadə edirmişlər. Mərkəzi Amerikada yaşayan qəbilələr isə həftənin müəyyən günləri toplaşıb, yarpağa doldurulmuş quru tütün çəkər, bu yolla tanrılarına daha yaxın olacaqlarına inanarmışlar. Amerikalıların “tabak” adlandırdığı bu möcüzə ilə tanışlığımızı Kolumba borcluyuq. Rəvayətə görə, Yeni Dünyadan geri dönən səyyah özü ilə bir neçə tabak yarpağı gətirir, amma lazımsız bilib, gəminin bir küncünə atır. Amerika torpaqlarında bu bitkiyə verilən böyük dəyərin bir neçə şahidi isə həmin yarpaqları toplayıb, İspaniya və Portuqaliya ərazisində yaymağa başlayır. Elə o vaxtdan da tütün biznesinin əsası qoyulur. Bütün Avropa elitası yeni dəbin istifadəsinə başlayır. Hətta 1561-ci ildə Fransanın Lissabondakı səfiri Jan Niko öz kraliçası Yekaterina Mediçiyə tütün yollayaraq, onu miqrendən qurtulmağın ən yaxşı dərmanı kimi təqdim edir. Elə nikotin termininin kökü də səfir Nikonun adı ilə bağlıdır.

Bir çox xəstəlikdən qorunmaq istəyən zadəganlar tütünü çəkir, iyləyir, hətta çeynəyirdilər.

Çox keçmir ki, "min bir dərdin dərmanı" ticarət yolları vasitəsilə Asiyaya da ayaq açır. XVII əsrdə isə bəlli olur ki, tütün əslində dərman yox, zəhər imiş. Bu antireklamın bir səbəbi də sahibkarların tütün plantasiyalarından əldə etdikləri külli miqdarda gəlir idi.

XIX əsrdən başlayaraq, tütünə qarşı sərt tədbirlər görülməyə başlanılır. Tədricən ABŞ və Avropa ölkələrində həddi buluğa çatmamış vətəndaşlara siqaret satılması qadağan edilir. Qadınlara isə ümumiyyətlə ictimai yerlərdə siqaret çəkmək qarşılığında cərimə tətbiq olunur. Elə o vaxtdan feministlərin əsas silahlarından biri də siqaretdir.

Ötən əsrin ortalarından siqaret, siqar və trubka yenidən dəb halını alır. Tütün yenidən öz qızıl dövrünü yaşamağa başlayır.

O gün, bu gün siqaret tüstüsü bacalarımızdan əskik olmur. Planetin hamiləsindən tutmuş, süd bığları yenicə qaralmağa başlayanına qədər hər kəsdə bu zəhər çubuqlarına qarşı kütləvi asılılıq yaranıb. Hər il siqaret əleyhinə minlərlə sosial çarxlar çəkilir, şablon olsa da, qutusunun üzərində zərəri haqda xəbərdarlıq edilir. Ancaq bu yaxınlarda şahidi olduğum bir hadisə bütün bu antireklam tədbirlərindən daha təsirli idi. Siqaret tüstüsünə qərq olan Avropa şəhərlərindən birinin küçələri ilə gəzişirdim. Bir ata 5-6 yaşlı oğlunu məktəbdən götürüb, arxamca evə qayıdırdı. Ata işıq sürəti ilə əlini cibinə atıb, siqaret çıxartdı. Yandırıb, ağzına doğru aparanda, oğlu çox müdrik səslə: Sən bilirsən ki, siqaret çəkmək yaxşı şey deyil? Sən bununla hər ikimizin ölümünü tezləşdirirsən”- dedi. Oğluna verəcək cavabı olmadığından, günahlarından qurtulurmuş kimi siqareti yerə atdı. İçimdə bir ümid oyandı ki, bu onu bir aylıq, iki illik, bəlkə də bir ömürlük öz gözünə kül üfürməkdən qurtaracaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/koshe/232129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR