Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir
18:52 23 Fevral 2018
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektorda dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Həyata keçirilən tədbirlər çərçivəsində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti on mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir tipli pambıqyığan və taxılbiçən kombaynlar, traktorlar, yedəklər və digər kənd təsərrüfatı texnikası alaraq respublikaya gətirmişdir. Ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilmiş, dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılmışdır. Görülən məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri sayılan pambıqçılığın, taxılçılığın, çəltikçiliyin, çayçılığın, bağçılığın və digər sahələrin dayanıqlı inkişafı təmin olunmuşdur, yeni yaradılan pambıq qəbulu məntəqələri və pambıq emalı zavodları isə hazırda avadanlıqla təchiz edilir.

Bununla belə, uzun müddət istismarda olmuş kənd təsərrüfatı texnikasının bir hissəsinin texniki parametrlərinin və keyfiyyət göstəricilərinin müasir standartlara uyğun gəlməməsi səbəbindən, innovativ və yeni mütərəqqi becərmə texnologiyalarının tətbiqi ilə əlaqədar texnika parkının yenilənməsi, məhsul istehsalçılarının müasir kənd təsərrüfatı texnikasına tələbatının fasiləsiz və davamlı ödənilməsi sahəsində əlavə tədbirlər görülməsi zəruridir.

Sərəncamda qeyd olunur ki, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı, kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.6.1-ci yarımbəndində göstərilmiş məbləğin 160 milyon manatı "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/628168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR