Prezident: "Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır"

Prezident: "Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır"
04:12 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 03:44 ]

""Cənub” qaz dəhlizinin müəllifi Azərbaycandır. Bu layihənin aparıcı qüvvəsi də Azərbaycandır"

Bakı-APA. "Keçən il “Cənub” qaz dəhlizinin təməli qoyulub. Bu, tarixi hadisədir. Bu layihə bizim uzunmüddətli inkişafımızı daha da sürətləndirəcək. Bu layihə “Əsrin müqaviləsi”nə bərabər olan bir layihədir. Artıq bu layihəni XXI əsrin layihəsi adlandırırlar". APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki,  çox simvolik hal ondan ibarətdir ki, məhz 2014-cü il sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra “Cənub” qaz dəhlizinin təməli qoyulub: "Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrası bu gün də təmin edilir. Görün “Əsrin müqaviləsi”ndən sonrakı dövrdə nə qədər işlər görülmüşdür! Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, indi “Cənub” qaz dəhlizi, “Şahdəniz” yatağının işlənməsi. Azərbaycan burada öz liderlik rolunu bir daha təsdiqlədi. “Cənub” qaz dəhlizinin müəllifi Azərbaycandır. Bu layihənin aparıcı qüvvəsi də Azərbaycandır. Bunu hamı bilməlidir. Azərbaycanın güclü iradəsi olmasaydı, bu layihə heç vaxt reallaşmayacaqdı. Biz bu layihənin reallaşması ilə bağlı çox gərgin iş aparmışıq. Çox gərgin və fəal iş aparmışıq ki, artıq bu layihəni icra etməyə başlamışıq. Biz buna Azərbaycan üçün ən məqbul şərtlərlə və beynəlxalq əməkdaşlıq çərçivəsində nail ola bilmişik. Çünki bizim tərəfdaşlarımız olmadan bu layihə icra edilə bilməz. Ona görə bu layihə daha da böyük koordinasiya tələb edir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı çoxdur. Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə iştirak edirdi. Ancaq “Cənub” qaz dəhlizinin icrasında 10-a yaxın ölkə iştirak edəcək. Çünki biz bu layihəni çox böyük və geniş layihə kimi görürük, bunu əlbəttə ki, mərhələlərə bölürük. İlk növbədə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, TANAP, TAP layihələri, ondan sonrakı dövrdə digər layihələr. Ona görə bu, tarixi hadisədir. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərib".

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın siyasi, iqtisadi maraqları təmin ediləcək: "Azərbaycan Avropa istehlakçıları üçün əvəzedilməz ölkəyə çevrilir. Bu nə deməkdir? Bunu çox izah etməyə də ehtiyac yoxdur. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq və getdikcə bu rol artacaq. Çünki Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Bütün başqa mənbələr - onlar artıq var. O mənbələrin ehtiyatlarını müxtəlif yollarla, yəni, yeni yollarla Avropaya nəql etmək mümkündür. Belə layihələr var, lakin yeni mənbə ancaq Xəzər hövzəsidir və Azərbaycandır. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Əminəm ki, bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər bir dənə də layihə olmayıb ki, biz onu başlayaq və icra etməyək. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars, yəni, beynəlxalq layihələrdən söhbət gedir. Əminəm ki, “Cənub” qaz dəhlizi də tam şəkildə icra ediləcək".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR