Play Store

“Cənub Qaz Dəhlizinin tikintisi qrafiki qabaqlayır” - Pərviz Şahbazov

Bir neçə gün əvvəl Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin Əfqanıstan sahəsinin tikintisinin təməli qoyulub.

Metbuat.az xəbər verir ki, Türkmənistanda keçirilən təməlqoyma mərasimində Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib. Nazir AzərTac-ın tədbiri işıqlandırmaq üçün Sərhətabada ezam olunmuş müxbirinin suallarını cavablandırıb.

- Azərbaycanın TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri layihəsi ilə bağlı mövqeyi necədir? Onun iştirakçı ölkələr və ümumən region üçün əhəmiyyətini necə dəyərləndirərdiniz?

- Düşünürəm ki, diversifikasiya həm istehsalçı ölkələr, həm istehlakçı ölkələr üçün çox önəmlidir. Bu gün dörd dövlət – Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan birlikdə bu böyük regional layihəni həyata keçirirlər. Sözsüz ki, bu, həmin dövlətlərin xeyrinə olacaq: iqtisadiyyatın inkişafına xidmət edəcək, insanların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Yəni, layihədən ilk növbədə həmin dörd dövlət bəhrələnəcək. Fikrimcə, bu, eyni zamanda, təkcə həmin dövlətlərə yox, bütün regionun rifahına xidmət edə biləcək bir layihədir. Burada bir neçə qonşu dövlətin nümayəndələri ilə söhbət etdim. Gələcəkdə bu layihəyə bir sıra başqa ölkələrin də qoşulması nəzərdə tutulur.

- Avropa İttifaqı türkmən qazında maraqlıdır və bu boru xəttinin Cənub Qaz Dəhlizinə qoşulması üçün Türkmənistanla danışıqlar aparır. Bu, nə dərəcədə realdır?

- Bu barədə danışıqlar artıq uzun müddətdir gedir, bununla bağlı xüsusi formatlar var. Bu formatdan biri də Avropa İttifaqının Türkiyə, Azərbaycan və Türkmənistanla birgə apardığı bir sıra danışıqlardır. Bilirsiniz ki, Cənub Qaz Dəhlizinin tikintisi uğurla davam edir, hətta qrafiki qabaqlayır. Artıq layihə yekun fazasına daxil olur. Son zamanlar Türkmənistanın da bu layihəyə marağı artıb. Bir müddət əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayevin iştirakını bu marağın göstəricisi saymaq olar. Onun tədbirdəki çıxışında da layihəyə maraq əyani şəkildə göründü. Bu, çox müsbət haldır. Həm Azərbaycan, həm Türkmənistan qonşu dövlətlər olaraq enerji sahəsində bir sıra fəaliyyət həyata keçirən dövlətlərdir.

Hazırda biz Türkmənistanla uğurlu əməkdaşlıq edirik. Məsələn, türkmən nefti Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə Avropaya nəql olunur. Bir sıra maraqlı layihələrimiz də var. Düşünürəm ki, Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması imkanları kifayət qədər realdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR