Zaqrebdə Xocalı soyqırımının 26-cı ildönümü anılıb

Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Zaqreb şəhərinin “Tərəqqi” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, tədbirdə açılış nitqi söyləyən səfir Fəxrəddin Qurbanov Xocalı faciəsi barədə geniş məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınının həyata keçirildiyini qeyd edib. Səfir Xocalı soyqırımı zamanı 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin öldürüldüyünü, 1000 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü və indiyə qədər Xocalının 150 sakininin itkin hesab olunduğunu bildirib. F.Qurbanov vurğulayıb ki, Xocalının mülki əhalisinin sadəcə azərbaycanlı olduqları üçün, məqsədli şəkildə qırğını həyata keçirilib. Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olub. F.Qurbanov məlumat verib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Səfir 15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirib.

Səfir F.Qurbanovun açılış nitqindən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Xorvatiyanın sabiq Prezidenti Josip Mesiç çıxış edərək, Xocalıda törədilmiş soyqırımın insan hüquqları və beynəlxalq humanitar hüququn açıq aşkar pozulması olduğunu, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalı olduğunu vurğulayıb.

Daha sonra tədbir zamanı ABŞ-ın nüfuzlu “Red Rock” film festivalının 2017-ci ildə proqramına daxil edilmiş “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş Xorvatiya və Azərbaycan klassik musiqisindən ibarət anım konserti təşkil edilib. Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Xorvatiyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xocalı faciəsinin qurbanlarına həsr edilmiş anım tədbiri zamanı geniş proyektor lövhədə Xocalı soyqırımının qurbanlarının adları və Xocalı soyqırımı ilə bağlı məlumatlar nümayiş etdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR