İlham Əliyev: "Avropa Oyunları bir Avropa bayramına çevrilməlidir"

İlham Əliyev: "Avropa Oyunları bir Avropa bayramına çevrilməlidir"
07:34 11 Yanvar 2015
166 İdman
Ölkə mətbuatı
A- A+

“Bakıda birinci Avropa Oyunları keçiriləcək. Oyunların keçirilməsinə beş ay qalıb. Təşkilat Komitəsi çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir”. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

 

Dövlət rəhbəri Azərbaycanın burada yenə də liderlik keyfiyyətlərini göstərdiyini vurğulayıb: “Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməyib. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.

 

Azərbaycanın rolunun getdikcə artığını qeyd edən prezident İlham Əliyev ölkədə mövcud olan ictimai-siyasi vəziyyətin, multikulturalizmin, dini-milli dözümlülüyün, dünyaya açıq olmağın – bütün bu amillərin bu gün Avropa, dünya üçün lazım olduğunu vurğulayıb: “Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük – qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s.”

 

“Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. İqtisadi model. Yəni, bu, nadir bir iqtisadi inkişaf modelidir. Siyasi islahatlar modeli - məncə, Azərbaycan nümunə ola bilər. Çünki iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər”, deyə dövlət başçısı qeyd edib.

 

Prezident İlham Əliyev Əgər çıxışının sonunda qeyd edib ki, bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi.

 

“Hər halda biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq”, deyə dövlət başçısı vurğulayıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR