Leyla Yunusdan tərbiyəsizlik

Bu dəfə sizə Leyla Yunusdan danışacağıq. O Leyla Yunusdan ki, hər zaman Azərbaycana nifrət edib, anti-Azərbaycançı kimi tanınıb. Hazırda Azərbaycanda yaşamır və indi də əməlinə sadiqdir...

İki gün öncə ermənilərin azərbaycanlılara qarşı törətdiyi, tək Azərbaycan tarixində deyil, ümumiyyətlə dünya tarixinin ən dəhşətli faciəsi, qətliamlarından biri olan Xocalı soyqırımının 26 ili tamam oldu. Soyqırımının ildönümü ərəfəsində, ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O isə tam xarakterinə uyğun addım ataraq, suala cavab verməyib. Cavab verməməsi bir yana, dəhşətli faciənin qurbanlarına açıq şəkildə hörmətsizlik edərək gülməyə başlayıb. Təbii ki, onun bu addımına irad bildirilib: “Xocalı haqqında bir şey söyləməmisiniz. Bir milyon Azərbaycan vətəndaşı erməni işğalından əziyyət çəkir, azərbaycanlılar isə bu barədə bir söz deməyiblər. Siz gülürsünüz. Ən azı vicdanınız olsun. Özünüzdən utanın, çünki özünüzü demokratlar adlandırırsız. Ən azı azərbaycanlısınız”. Ancaq bu irad da onun vicdanını az da olsa sızlada bilməyib və o, yenidən gülərək, kinayəli şəkildə əla işarəsini göstərir.

Bu görüntülər bir insanın öz millətinə qarşı nifrətinin açıq sübutudur. Təbii ki, mənim kimi damarında azərbaycanlı qanı axan hər bir vətəndaş üçün bu video ürəkbulandırıcı görüntülərdir. Ən azı ona görə ki, 26 il öncə baş verən bu dəhşət, bu vəhşilik bizim torpağımızda baş verib. Bu qətliam bizim millətimizə qarşı törədilib, diri-diri yandırılan, başı, əlləri-qolları, ayaqları kəsilən, qarnı cırılaraq uşağı çıxarılıb öldürülən, təcavüzə məruz qalan, güllə qarşısına verilən, donub ölən, ən yaxınlarını, ən doğmalarını itirən bizim analarımızdır, bacılarımızdır, atalarımızdır, qardaşlarımızdır, ən ağrılısı isə bizim körpələrimizdir. Əminəm ki, min-bir vəhşiliklə öldürülən o məzlum, dünyanın pisliklərindən xəbərsiz olan o körpələrin görüntüsü də o qadının vicdanını sızlatmır. Yəqin, çox güman ki, vicdanını erməni qardaşlarına satan o qadın elə bu görüntülərə də gülərək baxır.

Özü də bu hadisə elə bir zamanda baş verib ki, məhz o zamanlar, 1992-1993-cü illərdə, Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib. Yəni o, bu hadisələri görməyə, eşitməyə bilməzdi. Özünü hüquq müdafiəçisi adlandıran bu qadın bəs, başına müsibətlər gətirilən minlərlə azərbaycanlının hüquqlarını niyə müdafiə etmir? Müdafiə etmək bir yana, faciə ona xatırladılanda gülüb keçir...

Leyla Yunus o qadındır ki, əri Arif Yunusla birgə əfv edilən zaman, həbsdən çıxanda özünə yazıq, məzlum görüntüsü verib, əlinə əsasını alıb, xəstə görüntü ilə evinə doğru gedirdi. Onun bu məzlum görüntüsü təbii ki, “Timsahın göz yaşları”nı xatırladırdı, atdığı addımların hamısının altında bir gizli plan olduğu kimi. Bu, o Leyla Yunusdur ki, həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb. O, yəqin ki, arxasında dayanan, ona bu “cəsarətli” addımları atmağa vadar edən qüvvələrə güvənir, o qüvvələr ki, onu maliyyələşdirir, bir çox ölkələrdə o pullar sayəsində villalar alır. Bunun nəticəsidir ki, Azərbaycanın əleyhinə harada bir hərəkat, tədbir varsa, Leyla Yunus mütləq onun içərisində olur.

Videoda Leyla Yunusla birgə digər bir azərbaycanlı da Emin Hüseynovdur. Hansı ki, onun da Azərbaycan əleyhinə addımları az olmayıb. Elə böyük bacısının kinayəli gülüşü kimi, onun da üzünə bir az gülüş, bir az kinayə qonur...

Hazırda Azərbaycandan kənarda yaşayan onlarla, yüzlərlə azərbaycanlı var ki, ölkədən kənarda olsa da, məhz öz dövlətinin, millətinin maraqlarını, haqq səsini eşitdirmək üçün əlindən gələni əsirgəmir. Onların yanında bu cür millətinə, dövlətinə nifrət edən və bunu açıq şəkildə biruzə verən insanlar heç nədir, sadəcə... Sadəcə qəlb bulandırırlar.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR