Bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırıldı

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə imzalanıb.

Sərəncama görə, dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;

Heydər Əliyev Mərkəzi;

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

Azərbaycanda Atatürk Mərkəzi;

Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu;

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu;

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu;

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.

Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etmək, bu qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etmək, Prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR