Bu sürüşmə sahələrində yenə

Son günlər ərzində yağan yağışlar Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmə prosesinin aktivləşməsinə səbəb olmayıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Hazırda ərazidə aktivləşmənin müşahidə edilmədiyini söyləyən R.Həsənov qeyd edib ki, ərazidəki torpaq qatında quraşdırılmış mayaklarda da çatların parametrlərinin böyüməsini və yeni çatların əmələ gəlməsini göstərən hər hansı dəyişiklik qeydə alınmayıb:

“Teleqüllənin yaxınlığındakı çatı biz ötən ilin iyul ayında aşkarlamışdıq. Ondan sonra nə qədər yağış yağsa da, ərazidə aktivləşmə müşahidə edilməmişdi. Amma zaman-zaman torpağın alt qatındakı süxurlar yuyulmuşdu. Buna görə də son günlərdəki yağışların sürüşmə sahəsinin aktivləşməsinə təsiri çox az ola bilər”.

R.Həsənov onu da əlavə edib ki, hazırda Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Suraxanı rayonunun Zığ qəsəbəsindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR