"Azərbaycan dövləti medianın bütün qayğıları ilə maraqlanır" - RƏYLƏR

Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.

Bununla bağlı martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib. Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Qurultayda Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, üzvlərinin sayı 17-dən 23-ə çatıb.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Azərbaycan jurnalistlərinin VII qurultayı ilə bağlı fikirlərini Metbuat.az-la bölüşüb:

“Qurultayı həm də son illər Azərbaycan mətbuatına baxış kimi də dəyərləndirmək olar. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qurultaya təbrik məktubu ünvanlaması çox əlamətdar hadisədir. Həmin məktubda Azərbaycan Mətbuat Şurasının ünvanına son dərəcə qürurverici sözlər yer alıb.

Azərbaycan mətbuatının inkişafına mane ola biləcək, eyni zamanda kömək edə biləcək müddəalar ən son qəbul edilən qətnamədə öz əksini tapdı. Reklam bazarının inkişaf etdirilməsi, internet mediaya dövlət dəstəyinin şamil olunması, həbsdə olan jurnalistlərin əfvi ilə bağlı məsələlər son qətnamədə öz əksini tapdı. Nizamnamədə bəzi dəyişikliklər oldu. Mətbuat Şurasının internet medianın inkişafı ilə bağlı idarə heyətinin tərkibi genişləndirildi. Həm ənənəvi KİV-dən olan nümayəndələr, həm ictimaiyyət nümayəndələri, həm də internet medianın təmsilçiləri daha çox təmsil olundular.

Mart ayının 15-də Mətbuat Şurasının 15 illik yubileyi olacaq. Şuranın 15 illik faliyyətinə nəzər salsaq, çox böyük işlər görülüb. Azərbayan mətbuat tarixində yaddaqalacaq səhifələr yazılıb. Tarixə çevrilən bu işlərin görülməsində Azərbaycan Mətbuat Şurasının xüsusi rolu olub. Yeri gəlmişkən, şura üzvlərini qarşıdan gələn yubiley münasibəti ilə təbrik etmək istəyirəm”.

“Gündəlik Teleqraf” MMC-nin direktoru, publika.az və teleqraf.com saytlarının rəhbəri Aynur Camalqızı bildirib ki, jurnalistlərin VII qurultayı gözlədiyimiz kimi yüksək səviyyədə, maraqlı müzakirə və təkliflərlə dolu bir tədbir olub:

“Qurultayda alınan qərarlar, müzakirə edilən məsələlər kifayət qədər vacib və önəmli idi. Yeni tərkibli Mətbuat Şurası üçün qurultayda səsləndirilən fikirlər, müzakirə olunan məsələlər proqram xarakterli idi. Fəaliyyətimiz dönəmində həmin məsələlərin müzakirə olunması, jurnalistikanın, medianın inkişafı üçün vacib qərarların alınmasına çalışacağıq. Nəzərdə tutduğum təkliflər sırasında jurnalistlər üçün vahid kart verilməsi məsələsi həmkarlarımız tərəfindən qaldırıldı. Bilirisiniz ki, bu, rekert jurnalistikasının qarşısının alınması üçün çox vacib məsələdir. Mətbuat Şurasının gələcəkdə belə bir addım atması rekert jurnalistikasının fəaliyyətinin genişləndirilməsinin qarşısını ala bilər. Bu barədə ciddi düşünməliyik. Bundan əlavə, qurultayda Mətbuat Şurası haqqında qanunun qəbul oluması məsələsi müzakirə olunub. Bu da çox önəmli məsələdir. Mətbuat Şurasının özfəaliyyətini daha genişləndirməsi və daha səmərəli fəaliyyət göstərməsi üçün belə bir qanuna ehtiyac var. Onlarla belə təklifləri saymaq olar. Düşünürəm ki, Mətbuat Şurasının idarə heyəti bu məsələlərin həll olunması üçün hər zaman açıq olacaq. Belə təkliflər hər zaman dinləniləcək. Atılan hər bir addım, görülən iş, qəbul edilən qərar jurnalistikanın inkişafına və jurnalistlərin nüfuzunun yüksəldilməsinə xidmət edəcək. Başda Əflatun Amaşov olmaqla yeni tərkibli Mətbuat Şurasının idarə heyətinin üvlərinə uğurlar arzulayıram”.

Jurnalist, "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı Metbuat.az-a açıqlamasında qeyd edib ki, qurultayda maraqlı müzakirələr oldu, təkliflər verildi və idarə heyətinin say tərkibi artırıldı:

“Dəyərli həmkarlarımız orada yer aldılar. Jurnalistlər Mətbuat Şurasının bundan öncəki heyətinin fəaliyyətini qənaətbəxş münasibət bildirdilər. Keçmiş heyətdə var idim, yeni heyətdə də varam. Bizim fəaliyyətimizi normal qiymətləndirmələri yaxşı haldır. Hesab edirəm ki, yeni, daha genişlənmiş tərkibdə Mətbuat Şurası bundan sonrakı dövrdə daha yaxşı fəaliyyət göstərəcək. Daha çox mətbuatla cəmiyyət, mətbuatla dövlət arasında körpü rolunu oynayacaq”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət də qurultayla bağlı fikirlərini Metbuat.az-la bölüşüb:

“Qurultay yüksək səviyyədə keçdi. Hər şey ölçülüb-bişilmişdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Bir daha əmin olduq ki, Azərbaycan dövləti Azərbaycan mediasının bütün qayğıları ilə maraqlanır və onların həllində öz sözünü deməyə hər zamankı kimi hazırdır. Bizim gözləntimiz ondan ibarətdir ki, Mətbuat Şurasının statusu ilə bağlı addımlar atılsın, Mətbuat Şurası ilə bağlı əlavə qanun qəbul edilsin. Eyni zamanda, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası bir qədər dəyişdirilsin. Yəni, onlayn mediaya daha çox diqqət ayrılsın. Bu, zamanın tələbidir. Qurultayda müşahidə etdik ki, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Əli Həsənov bu məsələlərlə bağlı bizimlə eyni mövqedə çıxış etdi. Mətbuat Şurasının statusunun dəyişdirilməsi, qanun qəbul edilməsi, eyni zamanda onlayn mediaya dəstəyin verilməsi.

Daha bir məqam ondan ibarətdir ki, qurultayda səsləndirilən bütün iradlar məhz Əli Həsənov tərəfindən nəzərə alındı. O, öz çıxışında da qeyd etdi ki, burada səsləndirilən istənilən təklif və iradları diqqətlə öyrənib, uyğun olanları, eyni zamanda mətbuatın və dövlətin faydasına olanları əl-ələ verib həyata keçirəcəyik. Düşünürəm ki, bu cür yanaşma Azərbaycan dövlətinin ölkədə normal, plüralist, demokratik medianın oturuşmasında maraqlı olduğunu bir daha sübut edir. Belə bir ortamda jurnalistika ilə məşğul olmaq şəxsən mənim üçün xoşdur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Qadın nə qədər xoşbəxt olarsa, bu cəmiyyətlər xoşbəxt cəmiyyətlər olur" - Fəal xanımlar danışdı – TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR