Azərbaycan rəssamları İtaliyanı heyran qoydular

Azərbaycan rəssamları İtaliyanı heyran qoydular
16:48 13 Mart 2018
Ölkə mətbuatı
A- A+

İtaliyada təşkil olunan “Expo-Fiera” adlı beynəlxalq sərgidə azərbaycanlı rəssamların əsərləri nümayiş olunub. Əməkdar rəssam Əsmər Nərimanbəyova Publika.az-a verdiyi açıqlamada rəssamlarımızın əl işlərinə göstərilən böyük diqqətdən söz açıb.

"Sərgi çox uğurla yekunlaşdı. Ümumiyyətlə, bu layihənin ideyası kuratorumuz Elena Ferrariyə aiddir. “Sərhədsiz rənglər” adı verilən bu sərgidə ölkəmizin çox gözəl rəssamlarının əl işləri toplanıb. Bütün iştirakçılar Azərbaycan təsviri sənətindən zövq aldılar. Bundan əlavə, Azərbaycan və italyan klassik musiqisi səsləndi. Gözəl səsli gənc müğənni Fidan Axundova isə öz ifası ilə qonaqları ovsunladı. Bu rəssamlığımız adına böyük addımdır. Sərgiyə gələn qonaqların çoxu öncədən Azərbaycan mədəniyyəti haqda tam məlumatsız idilər. Lakin çox böyük təəssüratla ayrıldılar. Bir sözlə, bu Şərqlə Qərb arasında bir körpü oldu. Çünki dünya birdir, biz millətlər fərqli olsaq da, incəsənətə olan sevgimiz hamımızı birləşdirir. Həmçinin bu rəssamlarımıza öz çevrəsini daha da genişləndirməyə, yeni insanlarla tanış olmağa imkan verir. Kipr Universitetinin müəllimi, tanınmış rəssam Vəfa Əfəndizadə Tezcan da sərgi iştirakçılarındandır".

Əməkdar rəssam bildirdi ki, onun 2011-ci ildə Florensiyada fərdi sərgisi də uğurla təşkil olunub:

"Ümumiyyətlə, İtaliya sənət adamlarına dəyər verən, onların maraqlarını qoruyan ölkədir. Burada baş tutan hər bir tədbir mədəniyyətimizin tanıdılması yolunda atılan böyük addımdır. Burada bizi bir yerə topladığı üçün Əsmər xanıma dərin minnətdarlığımı bildirirəm. Çoxumuz bir-birimizi heç tanımırdıq. Bu qədim torpaqlarda görüşmək böyük sevincdir".

Ə.Nərimanbəyova onu da bildirdi ki, mart ayının sonunadək rəssamlarımızın əsərləri İtaliyanın daha 3 şəhərində nümayiş olunacaq.

Sərgidə əsərləri nümayiş olunan digər rəssam Cəmalə Rəhmanlı da sərgi ilə bağlı təəssüratlarını bölüşdü:

"Fəaliyyət yolum əsasən Türkiyədən başlayıb. Hazırda isə Bakıda öz rəsm studiyam var. Bundan öncə də Fransanın Kann şəhərində beynəlxalq sərgimiz baş tutmuşdu. Bilirsiniz, öz ölkəndə publika artıq sənə tanışdır. Səni tanımayan başqa ölkənin insanları qarşısında əsərlərini nümayiş etdirməksə olduqca həyəcanlı və məsuliyyətli prosesdir. Bizi o qədər isti qəbul etdilər ki, çox sevindik. Rəng çalarları, əsərlərimizə göstərilən böyük diqqət bizə çox gözəl hisslər yaşatdı. Gələcəkdə Avropa ilə bağlı da bir sıra beynəlxalq layihələrimiz var".

Rəsmləri dərin maraqla qarşılanan professor Rəna Əmrahova da təşkilatçılara öz minnətdarlığını bildirdi.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/234170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR