Belçikalı memarı soyan gənclər 25 manatı götürüb kredit kartlarını atdılar

Belçikalı memarı soyan gənclər 25 manatı götürüb kredit kartlarını atdılar
12:42 11 Yanvar 2015
176 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon sakini, 1989-cu il təvəllüdlü Urşan Kamil oğlu Əzizovun və Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Elnur Musa oğlu Süleymanovun məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edir.

İttihama görə, Urşan Əzizov tanışı Elnur Süleymanovla əlbir olaraq 2014-cü il, sentyabr ayının 6-da gecə saatlarında Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından Belçika vətəndaşı Filip Raul Jozef Qışlan Koleti təqib ediblər. Bakı Dövlət Sirkinin qarşısında xarici vətəndaşa yaxınlaşan dostlar onun cibindən pul qabını oğurlayaraq aradan çıxıblar. Pul kisəsinin içindəki cəmi 25 manat olan pulu götürəndən sonra izi itirmək məqsədilə sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, tibbi sığorta kartı, Azərbaycan Beynəlxalq Bankına və Belçika bankına məxsus kredit kartları olan sənədləri kanalizasiya quyusuna atıblar.

Hadisədən 12 gün sonra polis əməkdaşları Urşan Əzizovu və Elnur Süleymanovu saxlayıblar. Polis bölməsinə aparılan dostların üzərinə baxış keçirilib. U.Əzizovdan 24,842 qram, E.Süleymanovdan isə 37,627 qram tiryək aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Urşan Əzizov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Belçika vətəndaşını soymadığını, ondan pul istədiyini, həmin şəxsin də ona pul verdiyini göstərib.

Narkotik vasitəyə gəlincə isə U.Əzizov tiryəkin ona məxsus olmadığını deyib: “Gecə saat 04:30 radələri idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından keçəndə bir nəfər hündürboylu kişi ilə rastlaşdıq. Elnurla birlikdə onun arxasınca getdik. Sirkin yanında ona yaxınlaşdıq. Elnurun yolpulu olmadığına görə həmin şəxsə yaxınlaşıb əl hərəkətləri ilə ondan 10 manat istədim. O da könüllü şəkildə pulqabını çıxarıb bizə verdi və qaçıb getdi. Taksiyə minib oradan uzaqlaşdıq. Pulqabının içində 25 manat pul, bir neçə kredit kartı və xarici ölkə vətəndaşına məxsus sənədlər var idi. Pulu götürəndən sonra sənədləri kanalizasiya quyusuna atdıq”.

Hakimin “sənədləri niyə aparıb səfirliyə vermədiniz?” sualına U.Əzizov “tutulacağımızdan qorxurduq” deyə cavab verdi.

Digər təqsirləndirilən Elnur Süleymanov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: “Hadisə Urşan danışdığı kimi olub. Sənədləri kanalizasiya quyusuna mən tullamışam. Çünki polisə verməkdən qorxurdum. Sentyabrın 18-də polislər tərəfindən saxlanıldım. Hər şey kameraya düşmüşdü. Narkotik vasitələrdən istifadə edirəm. Aşkarlanan tiryək mənə məxsus olub”.

Zərərçəkmiş şəxs qismində istintaq zamanı dindirilən Belçika Krallığı vətəndaşı Filip Raul Jozef Qişlan Kolet 3 ildir Bakıda kirayədə yaşadığını və “Azbesix” MMC firmasında memar işlədiyini bildirib: “İş yoldaşımla birlikdə “Otto” barında pivə içirdik.  Saat təxminən 04 radələrində bardan çıxıb piyada evə sarı getdim. Sirkin qarşısındakı pilləkənlərlə binaya doğru qalxan zaman iki nəfər mənə yaxınlaşdı. Onlardan biri məndən nəsə soruşdu. Azərbaycan dilini bilmədiyimi deyib yoluma davam etdim. Bu zaman arxadan şalvarımın cibindən pul kisəmi götürüb qaçdılar. Onların arxasınca qışqırsam da xeyri olmadı. Bütün sənədlərim pulqabında idi. Hadisə barədə binanın mühafizə xidmətinin əməkdaşlarına xəbər verdim. Onlar da polisə məlumat verdilər. Təqsirləndirilən şəxslər mənə zor tətbiq etməyiblər, xəsarət yetirməyiblər”.

Məhkəmə prosesi davam edir.


Milli.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR