Mərkəzi Bankın sədri: “Ötən il Azərbaycanda son 10 ildə ən aşağı inflyasiya müşahidə olunub”

12:57 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 12:54 ]


Bakı-APA. “Bu böhranın ən mühüm xarakteristikası qlobal iqtisadi artımın zəif bərpasıdır. 2014-cü ildə bu artım cəmi 3,3 faiz təşkil edib ki, bu da böhrandan əvvəlki 2002-2007-ci illərdəki orta artım tempindən təxminən 5 faiz aşağıdır. Xarakterik haldır ki, il ərzində Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişib. Qloballaşma şəraitində iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir”.

 

 

APA-nın  məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasındakı çıxışında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

 

E. Rüstəmov deyib ki, zəifləyən qlobal iqtisadi aktivlik dünya ticarətinə və əmtəə bazarlarına da əhəmiyyətli təsir edib: “2014-cü ildə metal qiymətləri 17 faiz, ərzaq qiymətləri 6 faizdən çox, eyni zamanda, enerji daşıyıcılarının qiyməti iki dəfə aşağı düşüb. 2015-ci ilin başlanğıcında da bu proseslər davam edir. Azərbaycan da qlobal iqtisadiyyatın tərkib hissəsi kimi bu şəraitdə müəyyən çağırışlarla üzləşib”.

 

 

Mərkəzi Bankın sədri deyib ki, hazırda Azərbaycanda əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulun təxminən 76 faizini təşkil edir: “Bu, ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artıb. Milli iqtisadiyyatımız bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq möhkəm mövqelərə malikdir. 2014-cü ildə Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir. İxracın həcmi idxalı 2,6 dəfə üstələyəcək. Son illər ərzində ilk dəfə idxalın təxminən 20 faizədək azalması, - bu, yəqin ki, ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi ilə əlaqədardır, - xarici ticarət balansına müsbət təsir edib”.

 

 

E. Rüstəmov deyib ki, ölkənin strateji valyuta ehtiyatları artıb və ümumi daxili məhsulun 70 faizinə çatır: “Bu göstərici üzrə ölkəmiz dünyada ilk iyirmilikdəki yerini qoruyur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür”.

 

Mərkəzi Bankın sədri deyib ki, Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da yüksəlib: “Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. 2014-cü ildə artıq qeyd etdiyim kimi, ölkədə ümumi iqtisadi artım 3 faiz təşkil edib, iqtisadi artımın başlıca drayverinə çevrilmiş qeyri-neft sektoru 7 faiz artıb. Bütövlükdə, beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artıb”.

 

E. Rüstəmov deyib ki, ötən il ölkədə tam makroiqtisadi sabitlik qorunub: “Son 10 ildə ən aşağı inflyasiya müşahidə olunub. İnflyasiya cəmi 1,4 faiz təşkil edib. Bu, əsas ticarət tərəfdaşı olan ölkələrdəki inflyasiyadan təxminən 5 faizdən çox aşağıdır və Azərbaycan iqtisadiyyatına beynəlxalq ticarətdə məlum rəqabət üstünlükləri gətirir”.

 

Mərkəzi Bankın sədri deyib ki, ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları baş verib: “Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğrayıb. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşıb”.

 

E. Rüstəmov deyib ki, manatın məzənnəsi isə sabit saxlanılıb: “Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görüb”.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR