Bakının gələcək hərtərəfli inkişaf planı diqqət mərkəzindədir - Prezident

Bakının gələcək hərtərəfli inkişaf planı diqqət mərkəzindədir.

Metbuat.az-ın məlumatına gorə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, regionlarda böyük abadlıq-quruculuq işləri görülür. Bu il icra edilən Dövlət İnvestisiya Proqramı imkan verəcək ki, bölgələrdə bir çox məsələlər öz həllini tapsın. Sosial infrastruktur, məktəblər, xəstəxanalar, idman kompleksləri, yollar, digər infrastruktur layihələri. Keçən il 500 kəndin yolu salınmışdır, bu il ən azı 600-dən çox kəndin yolu salınacaqdır. Rayonlarımızın siması gözəlləşir, abadlaşır:

"Artıq bu, həqiqətdir, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir. Bu gün Bakı doğrudan da, gözəlliyi, tarixi, insanların qonaqpərvərliyi baxımından turistlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevrilibdir. Ölkəmizə gələn turistlərin artan sayı bunun gözəl sübutudur. Gələn qonaqların sayı 2016-cı ildə 24 faiz, 2017-ci ildə 20 faiz, bu ilin iki ayında isə 12 faiz artmışdır. Hər bir gələn qonaq əlbəttə ki, Bakının gözəlliyini etiraf edir, bunu görür, sonra sosial şəbəkələrdə öz çəkdiyi kadrları paylaşır. Bakı bizim qürur mənbəyimizdir, bizim tarixi şəhərimizdir, qədimliyi ilə müasirliyi özündə birləşdirən nadir şəhərlərdən biridir".

İlham Əliyev bildirib ki, Bakının inkişafı, gözəlləşdirilməsi, müasir infrastrukturunun yaradılması üçün bundan sonra da əlavə tədbirlər görüləcək:

"Biz indi qədim Qız qalasının önündə bu bayramı qeyd edirik. Qız qalası Bakının qədim rəmzidir və bizim böyük tarixi abidəmizdir. Ancaq, eyni zamanda, bu gün Bakının müasir rəmzləri də vardır. Onların arasında Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl binalarından biridir və bunu müxtəlif sorğular, reytinqlər təsdiqləyir. Alov Qüllələri həm Bakının rəmzini - alovu əks etdirir, eyni zamanda, göylərə ucalan binalar Azərbaycanın inkişafını göstərir və Bakıya əlavə gözəllik verir. Vaxtilə 3,5 kilometr olan bizim tarixi bulvarımızın uzunluğu indi 16 kilometrə çatıbdır və hər yer abadlaşıb, gözəlləşib. Hesab edirəm ki, bu, dünya miqyasında nadir istirahət və gəzinti zonasıdır. Yeni yollar, parklar, xiyabanlar salınır. Bakı bu gün parklar, bağlar şəhəridir".

Prezident Bakının ekoloji vəziyyətinin yaxşılaşdığını vurğulayıb: "Vaxtilə şəhərimizin havasını çirkləndirən Balaxanı zibilxanası tamamilə aradan götürülübdür, indi park salınıbdır. Böyükşor gölü. Onun bir hissəsi, birinci mərhələsi tamamlanıb və təmizlənib. Bibiheybət buruqları ekoloji fəlakət mənzərəsi idi. Bu gün orada park, idman şəhərciyi salınıb. Bakının o hissəsi ilə bağlı bizim əlavə planlarımız var. Yeni yollar salınıb. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş binalar sökülür, vətəndaşlara kompensasiya ödənilir və həmin binaların yerində yeni ictimai zonalar yaradılır. Yəni, Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bakının nəqliyyat problemləri də həll olunur. Bakıda onlarla körpü, yol qovşağı tikilmişdir. Əgər vaxtilə tikilməsəydi, biz indi tıxacdan hərəkət edə bilməzdik. Şəhərimizin gələcək hərtərəfli inkişaf planı da diqqət mərkəzindədir. Şəhərimizin hər bir yerində abadlıq işləri getməlidir və əminəm ki, gedəcəkdir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR