Azərbaycan Prezidentinin qələbə əzmkarlığı…

Azərbaycan Prezidentinin qələbə əzmkarlığı…
13:37 11 Yanvar 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Prezidentin çıxışında toxunduğu əsas məqamlardan biri, gözlənildiyi kimi, Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycanın xeyrinə həlli yollarını göstərmək idi.

Məlumdur ki, bu gün iqtisadi tənəzzülü durmadan artan Ermənistanın ümumi büdcəsi bizim hərbi vəsaitlərimizdən iki dəfə azdır. Prezidentin də qeyd etdiyi kimi Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq normalar çərçivəsində həllinin tərəfdarıdır, lakin Ermənistanın atdığı addımlar bir daha göstərir ki, hətta münaqişəni sülh yolu ilə həll etmək üçün ordumuz daha da güclü olmalıdır. İlham Əliyevin bu fikri məhz təqdirəlayiq bir addım kimi qiymətləndirilir.

2015-ci ilin ilk günlərindən başlayaraq Ermənistan ordusu Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə öz təxribatlarından əl çəkmir, hücum taktikası seçdiyinə görə itkilər verərək geri oturdulur. Sanki öz havadarları qarşısında hesabat çıxışı edən ermənilər, münaqişənin sülh yolu ilə həllindən imtina edirlər. Bununla dünyaya regionun qeyri-stabil olduğunu göstərməyə çalışırlar. Bu da məqsədsiz deyil, onlar hiss edirlər ki, Azərbaycan regionda lider dövlətə çevrilib və böyük beynəlxalq layihələrə ev sahibi edəcəkdir. Lakin onlar bir şeyi unudurlar ki, Azərbaycan Ordusu istənilən vaxt öz ərazi bütövlüyünü qorumağa və bərpa etməyə qadirdir.

Prezidentin də qeyd etdiyi kimi - “Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək”.

Ermənilər elə düşünməsinlər ki, bizim dövlətimiz neft ixracı ilə tanınan ölkə kimi qiymətin düşməsi ilə tənəzzülə uğrayacaq. Xeyr, bu, belə deyil, İlham Əliyevin də dediyi kimi, "2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz".

2014-cü ildə danışıqlar prosesində imitasiya taktikasını seçən Ermənistan heç bir vəchlə sülhü istəmir. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları da dəfələrlə münaqişədə status-kvonun bu qədər davam etməsinə narazılıqlarını bildirsələr də bu, sözlərdən başqa bir şey deyil və Prezidentin də qeyd etiyi kimi "bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır”.

Avqust və noyabr aylarında , ümumiyyətlə il ərzində cəbhədə baş verən erməni təxribatlarını yada salan Prezident, layiqli cavab alan üzdəniraq qonşularımızın rəhbərliyini kriminal, diktatura rejimi kimi qiymətləndirib və məsuliyyət daşıdıqlarını qeyd edib. Prezidentin layiqli qiyməti belədir – “ işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır”.

Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanması, status-kvonun bilərəkdən bu vəziyyətdə saxlanması Azərbaycan üçün arzuolunmazdır. Çünki istər iqtisadi, istər siyasi, istərsə də hərbi layihələrin həyata keçirilməsində Dağlıq Qarabağ məsələsi böyük faktordur.

2015-ci il isə Azərbaycan üçün bir sıra beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsi və keçiriləcəyi ilə yadda qalacaqdır. Buna həm xalqımızın inamı, həm də Azərbaycan Prezidentinin əzmkarlığı və əminliyi böyük təkandır.

Dağlıq Qarabağ münaqişəsində 2015-ci il bir dönüş ili ola bilər, çünki biz buna qadir xalqıq və qələbənin dadını hiss etməyə layiqik. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi də birmənalıdır - “Bizim mövqeyimizi gücləndirən ordumuzdur. Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər“.

Arzu Nağıyev

Trend-in Baş direktorunun müavini, siyasi icmalçı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR