Mərkəzi Bankın sədri: “Manatın sabitliyi iqtisadi sabitliyin əsas lövbəridir”

13:57 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 13:51 ]

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkə iqtisadiyyatının risklərə adekvat cavab verməsi üçün təkliflərini açıqlayıb

Bakı-APA. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkə iqtisadiyyatının risklərə adekvat cavab verməsi üçün təkliflərini açıqlayıb.

 

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin prezident İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edən E. Rüstəmov bildirib ki, beynəlxalq təşkilatların rəyinə görə, 2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənlik davam edəcək.

 

Bu isə beynəlxalq konyukturaya, əmtəə bazarlarına da öz təsirlərini saxlayacaq: “Bu, bizim üçün yeni makroiqtisadi reallıq və çağırışlardır”.

 

 

Onun sözlərinə görə, Mərkəzi Bankda aparılan hesablamalar göstərir ki, Azərbaycan iqtisadiyyatı həm bu il, həm də orta müddətli dövrdə bütün risklərə adekvat cavab vermək üçün imkana və potensiala malikdir: “Bizim əsas vəzifəmiz iqtisadi qurumlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı iş vasitəsilə bu potensialı reallaşdırmaqdır. Yeni makroiqtisadi reallıqlar makroiqtisadi siyasət sahəsində müəyyən manevrləri zəruri edir”.  

 

 

E. Rüstəmov deyib ki, Azərbaycanın son 10 ildəki iqtisadi siyasəti belə olub: Prezident tərəfindən irəli sürülmüş sürətli, sıçrayışlı inkişaf modeli, güclü büdcə və təmkinli, sabitləşdirici pul kredit siyasəti.

 

 

Onun sözlərinə görə, hazırda beynəlxalq hesablamalara görə, neft qiymətlərində təxminən 1 trilyon dollarlıq vəsait neft ixracatçılarından neft idxalatçılarının xeyrinə bölüşdürülür. Təbii ki, bu, beynəlxalq iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycana da öz təsirini göstərir.

 

E. Rüstəmov deyib ki, bu il də aşağı inflyasiya əsas diqqət mərkəzində olacaq: “Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya ilə sərhədləndiyini görmək, iqtisadiyyatın defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək inflyasiyanın qarşısını almaq”.

 

Mərkəzi Bankın sədrinin sözlərinə görə, bunun  üçün əsas imkanlardan biri manatın sabitliyinin qorunub saxlanılmasıdır: “Manatın sabitliyi üçün bütün imkanlar var. Aparılan hesablamalar da bunu göstərir ki, manatın sabitliyi iqtisadi sabitliyin əsas lövbəridir. Hesab edirəm ki, bu, zəngin Heydər Əliyev irsinin, strategiyasının çox mühüm tərkib hissəsidir. Yəni istənilən siyasət makroiqtisadi sabitlik və onunla dialektik əlaqədə olan siyasi sabitlik üzərində qurulur. Buna görə, cari ildə də manatın sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridir və biz bu məqsədin reallaşmasını təmin edəcəyik”.  E. Rüstəmov eyni zamanda bir qədər təmkinli büdcə siyasəti həyata keçirilməsinin də tərəfdarı olduğunu qeyd edib: “ Eyni zamanda monetar genişlənmənin həyata keçirilməsi, iqtisadiyyatda əlavə pul kütləsinin ötürülməsi kanallarının tapılması və bu vasitə ilə, məcmu tələbin genişləndirilməsi yolu ilə iqtisadi artımın canlandırılması və məşğulluğun təmin olunması yəqin ki, diqqət mərkəzimizdə olacaq”.

 

Cari ildə də bank sektorunun sabitliyinin qorunması, onun inkişafı, real sektorun inkişafında rolunun gücləndirilməsi, faiz dərəcələrinin aşağı salınması da əsas vəzifələrdən biridir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR