Play Store

Meksika Senatında Novruz bayramı qeyd olunub

Meksika Birləşmiş Ştatlarının Senatında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Metbuat.az-averilən məlumata görə, tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, TürkiyəGürcüstan səfirliklərinin dəstəyi ilə keçirilib.

Senatın prezidenti Ernesto Kordero baharın gəlişi və torpağın oyanmasından xəbər verən, dünyada 300 milyondan artıq insan tərəfindən qeyd edilən, dünya mədəniyyətinin qeyri-maddi irsi olan Novruz bayramını Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan xalqları ilə birgə qeyd edilməsindən məmnunluğunu izhar edib. O, Meksikanın bu ölkələrlə mədəniyyət sahəsində mübadilənin onlarla münasibətlər, o cümlədən ticari-iqtisadi sahədə əlaqələrə yeni təkan verə biləcəyinə əminliyini vurğulayıb. Meksika senatının rəhbəri bu əlaqələri sülh, mehriban qonşuluq, tolerantlıq prinsiplərinə uyğun olaraq daha da inkişaf etdirməyə çağırıb.

Senatın Xarici Əlaqələr Komissiyasının sədri senator Laura Anxelika Roxas Hernandez Novruz bayramının minilliklərlə ölçülən qədim tarixə malik olduğunu, onun YUNESKO tərəfindən dünya qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini, BMT Baş Assambleyasının qərarı ilə beynəlxalq səviyyədə qeyd olunduğunu bildirib. O, Novruz bayramının sülh, dostluq və qarşılıqlı hörmətin təcəssümü adlandırıb.

Senatın Asiya-Pasifik ölkələri ilə əlaqələri Komissiyasının sədri senator Teofilo Torres Meksikanın tədbirdə iştirak edən ölkələrlə əlaqələrinin yüksək səviyyədə, dostluq və əməkdaşlıq ruhunda olduğunu məmnunluqla qeyd edərək bu əlaqələrin daha da genişlənəcəyinə ümidini ifadə edib.

Tədbirdə ölkəmizi təmsil edən Azərbaycannın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov çıxış edərək Novruz Bayramının Azərbaycan torpağında çox qədim kökləri olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini bildirib. Azərbaycanlı diplomat bu bayramın qonaqpərvərlik, qarşılıqlı hörmət, səmimiyyət, dostluq, mərhəmət və bərabərlik kimi dəyərlərinin xalqımızın mənəvi həyatına nüfuz etdiyini qeyd edib. O, Azərbaycanda müxtəlif mədəniyyət təmsilçilərinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını vurğulayıb. Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq edilməsinə böyük töhfə verdiyini qeyd edib. M.Talıbov eyni zamanda qonaqları Novruz bayramı ilə bağlı Azərbaycanda mövcud olan adət və ənənələrlə tanış edib.

Tədbirdə həmçinin İran, Pakistan və Türkiyə səfirləri, Gürcüstan Səfirliyinin müşaviri çıxış edib.Tədbirdə iştirak edən Səfirliklər adından Meksika Senatına hədiyyə edilən, sülh rəmzi olan zeytun ağacının əkilmə mərasimi keçirilib.

Tədbir zamanı ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb, tədbirin çoxsaylı qonaqları Novruz bayramı ilə bağlı ölkəmizin ənənələri ilə tanış edilib, onlara ənənəvi Novruz süfrəsinin şirniyyatları təqdim edilib. Azərbaycan masası qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Eyni zamanda, tədbirdə Azərbaycanda Novruz şənliklərini əks etdirən video material və şəkillər nümayiş etdirilib./Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR