Play Store

Bura nə Qərbdir, nə də Şərq - Nərgiz Nənə yazır

Güman ki, sizdə də olub: Əsəblərinizdən hörülərək uzana-uzana gəlib boğazınıza keçən kəndirlərdən, davamlı yas ab-havasından, yorğun, kefsiz, narahat hiss etməkdən, mübarizə aparmaqdan bezdiyiniz anlar. Ya da sadəcə və sadəcə sərhədlərin o tərəfində bir az daha yaxşı həyatların var olduğu ehtimalına qapılıb xəyal qurduğunuz gecələr...

Sonun çatdığını düşündüyümüz o anlarda başımızı iki əlimizin arasına alıb, “Çıxıb gedəcəm”, “Fürsət tapan kimi arxama da baxmadan qaçacam”, “Həyatımı daha mədəni şəhərlərdə, daha yaxşı qurub, uşaqlarımı daha sağlam cəmiyyətlərdə böyüdəcəm” dediyimiz bu cümlələr bəzən həqiqətən də gözlənilmədən gerçəkləşir.

Dədə-babamızın “Urset”ini bu günlərdə Türkiyə əvəz edir. Bir sözlə, ürəyi sıxılanın gedə biləcəyi ilk yerlərdən biridir Türkiyənin şəhanə şəhəri İstanbul.

Bəs Şehri-İstanbulda real vəziyyət? Cürbəcür romantik filmlər, varlı oğlanla kasıb qızın hamıya qarşı çıxaraq, evlənib xoşbəxt olduğu, hər kəsin ən dəbdəbəli restoranlarda yemək yediyi, ən brend mağazalardan geyindiyi, oğlanların diz çöküb əli ilə ağzını bağlayan qızlara evlilik təklif etdiyi serialların da hər hansı ssenaristin xəyal gücünün məhsulu olması gerçəyi?

Türkiyə həm coğrafi, həm də mədəni mənada Şərqlə Qərbin arasında sıxışıb qalıb. Xüsusilə son illərdə Yaxın Şərq mentalitetinə tərəf pöhrə verir. Bu da olduqca yorucu prosesdir.

Öz ölkəndə ən qaranlıq gecələrdə belə rahatlıqla evinə gedə bilirsən. Amma sərhədləri keçəndə vəziyyət dəyişir. İşlək yolun kənarında gedərkən hansısa avtomobilin altında əzilməyəcəyimiz, küçədə təcavüzə məruz qalmayacağımız, böyük parkları, yüz illik ağacları, möhtəşəm sənət mərkəzləri olan böyük şəhərlərdə yaşamağı arzulayırıq. Yəqin ki, bu da olub. Ürəyimizdə, “Əşşi bu həyata bir dəfə gəlmişəm. Onda da bir yandan öz həyatım, o biri yandan uşağımın həyatına görə, narahatlıq keçirib, məhv olmaq istəmirəm” dediyimiz anlar...

Gedin, heç kim sizə əngəl deyil. Amma getmək, uzaqda olmaq ağızdan çıxdığı qədər rahat olmur. İnsan istər-istəməz düşünür: “Burda qalan adamların tez-tez qapıldığı o çarəsizlik hissindən qurtulmaq üçün düşündüyü “cənnət ölkələr” nə qədər realdır?” Yüksək gərginlik və sonsuz absurdluq arasında qalan, gedəndən sonra qayıtmaq şansımızın olmadığı vətənimizi könüllü şəkildə bir yolluq tərk edəndə... gedəndən sonra yəni, nələr olur?

Daha sistemli nəqliyyat

İnkişaf etmiş ölkələrdə nəqliyyat da paralel şəkildə inkişaf edir. Amma gülər üz, hörmət kimi detallar zamanla unudulur. Vətənində mindiyin avtobusda ayağın büdrəsə, hər kəs düşünmədən kömək edəcək. Hər kəs ən çətin anında belə bir-birinə gülümsəyə bilir (hər nə qədər əksini desək də). Türkiyədə, xüsusilə böyük şəhərlərdə həyat şərtlərinin çətinliyinə görə, insanlar əsəbi və bədbəxt görünür, qətiyyən bir-birinə hörmət etmirlər. Yaşlılara, hamilə qadınlara, fiziki əngəlli insanlara yer verməmək bir yana, hətta onların haqqına girənlər belə var. Kiməsə kömək lazım olanda heç kim barmaqlarını da qaldırmırlar, çünki hər kəsin telefonunda “şeker patlatma” oyunu var.

Vətəndaşı olmadığın ölkə

Taleyin ironiyasıdır sanki... Hər şey müşkülə çevrilir, viza almaq çətinləşir, adi kredit kartı almaq üçün min cür əzab-əziyyət çəkirsən. Hər addımda cibindəki vəsiqə problem yaradır. Başa düşürsən ki, əslində ölkəndə xan olmusan. Bəli, ölkəmizdə ən yaxşı məktəblərdə, universitetlərdə təhsil almışıq. Buna görə də onların gözündə daha mədəni həyat üçün ölkələrinə gəlmiş biriyik. İstər Tayland, Hindistan, Nepal kimi az inkişaf etmiş, istərsə də Avstraliya və ya ABŞ kimi inkişaf etmiş ölkəyə gedin. Hər bir halda orada ikinci dərəcəli insan olacaqsınız. Prioritet həmişə həmin ölkənin vətəndaşınındır. Təbii ki, söhbət təhqir və ya əzilməkdən getmir, amma necəsə bu fərq hiss etdirilir. Bəlkə zamanla öhdəsindən gəlmək olur, hətta öyrəşmək də mümkündür.

İşləmək cəhdləri

İnkişaf etmiş ölkəyə getmişiksə, deməli, təhsilimiz də inkişaf etməlidir. Hansısa universitetdən məzun olmaq məsələni həll etmir. Əlimizdə həmin sahənin magistratura, doktorantura diplomu olmalıdır. Tam ixtisaslaşmış şəxs olmalıyıq. Öz ixtisasımız üzrə işləmək üçün həmin ölkənin dilini ana dilimiz kimi danışa bilməliyik. Bunlar yoxdursa, xəyalımızdakı işi unutmağa məcburuq.

Ailələrdən uzaq qalmaq

İdeal həyat nədir? Dostlarınla, ailənlə birlikdə yaşadığın həyat. İstədiyimiz həyatı tapmaq üçün qaçırıq, bu dəfə də bütün sevdiklərimizdən uzaq qalırıq. Ailəmizlə sadəcə, “WhatsApp”la ünsiyyət qura bilirik. Dostlarımız görüşür, əylənir, biz isə sadəcə, “Facebook”da paylaşdıqları şəkillərə baxmaqla kifayətlənirik. Ya da buna məcburuq. Zamanla yaşadığımız ölkədə də mühitimiz formalaşır, amma köhnələrin yerini heç nə vermir. Hər addımda həmin dostların bənzərlərini axtarırıq.

Bütün bunların ən çətini isə doğma dilinə həsrət qalmaqdır. Türkiyəli bir yazarın dediyi kimi:

“Dilini bilmədiyiniz yerdə ağlamaq yaman olur, çünki sizi öz dilinizdə sakitləşdirəcək heç kim olmur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR