“Pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkəyik” – Prezident İlham Əliyev

Azərbaycan pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Dövlət başçısı pambıqçılığın ölkə iqtisadiyyatı üçün böyük faydasından danışıb. Qeyd edib ki, pambıqçılıq, ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır:

“Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin. Biz bütün bunlara məqsədyönlü tədbirlər nəticəsində nail olmuşuq. Bir daha demək istəyirəm, əgər pambıqçılığa dövlət dəstəyi göstərilməsəydi, biz buna nail ola bilməzdik, 2015-ci ildə 35 min ton, bu il bəlkə də 20 min ton pambıq yığılardı-yığılmazdı, bu da bəlli deyil. Beləliklə, pambıqçılıq tamamilə məhv olub gedəcəkdi. Biz isə buna imkan vermədik. Pambıqçılığı qoruduq, bərpa etdik və bərpa edəcəyik.

Bugünkü müşavirədə həm görülmüş işlərlə bağlı məlumatlar səslənəcək, həm də görüləcək işlərdən danışacağıq. Qeyd etməliyəm ki, növbəti illərdə bizim əsas vəzifəmiz məhsuldarlığı artırmaq olacaq. Çünki keçən ilin təcrübəsi göstərir ki, böyük irəliləyiş var. 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdır, keçən il 207 min ton. Baxmayaraq ki, böyük həcmdə məhsul götürmüşük, ancaq hektardan məhsuldarlıq lazımi səviyyədə deyil. Bərdə rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən çoxdur. Lakin bəzi rayonlarda çox aşağıdır. Bunun səbəbləri təhlil edilir və edilməlidir ki, buraxılan nöqsanlara gələcəkdə yol verilməsin, məhsuldarlıq daha da yüksək olsun”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR