Sürüşmə ilə bağlı SON DURUM - Teleqüllə yaxınlığında buruq-qazma işlərinə başlanılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprel ayının əvvəlindən Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işlərinə başlayacaq.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün hazırlıq işləri görülür.

Nazirlik rəsmisi qeyd edib ki, bu tədqiqatlar zamanı ərazinin müxtəlif yerlərində müxtəlif dərinlikdə olan quyular qazılacaq və süxur nümunələri götürüləcək.

R.Həsənov bildirib ki, tədqiqatlar davamlı olaraq, bir necə ay davam edəcək. Tədqiqatlar nəticəsində sürüşmənin baş vermə səbəbi, prosesin dinamikası ilə bağlı daha dəqiq məlumatlar əldə ediləcək:

“İndiyədək mayaklar, reperlər üzərində müşahidələr aparılırdı. Yer səthində quraşdırılaraq peykə qoşulan reperlər vasitəsilə torpaq qatında olan cüzi dəyişmələr - çökmə, sürüşmə qeydə alınır. Reper məlumatı dəqiq ötürərək ərazidə hansısa prosesin baş verdiyi barədə bizə məlumat verir. Ancaq prosesin hansı səbəbdən və hansı miqyasda baş verdiyini deyə bilmir. Ona görə də buruq-qazma işləri aparılaraq yeraltı geoloji araşdırma işləri həyata keçiriləcək. Yerin daha dərin qatlarında olan süxurların yatım forması öyrəniləcək. Nəticədə prosesin baş verməsi səbəbini müəyyənləşdirmək mümkün olacaq. Səbəb bəlli olduqdan sonra isə prosesin nə qədər davamlı olacağı barədə fikir yürütmək mümkün olacaq".

R.Həsənov hazırda Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesində aktivləşmənin qeydə alınmadığını da açıqlayıb: “Həm mayaklardan, həm də reperlərdən görünür ki, ərazidə heç bir dəyişiklik yoxdur. Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesi müvəqqəti olaraq dayanıb. Amma ola bilər ki, Yerin dərinliklərində proses gedir. Təbii və texnogen amillərin təsirindən aktivləşmə baş verə bilər. Buna görə də ərazidə sürüşmə prosesinin bitdiyini demək çox tezdir”.

Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılıb.

Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.

Boksçularımız Vilnüsdə 7 medal qazanıblar - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR