Play Store

Los-Ancelesdəki Baş Konsulluğumuzda 31 mart soyqırımı ilə bağlı tədbir keçirildi – FOTOLAR

Ötən gün Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda azərbaycanlılara qarşı törədilən 31 mart soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Metbuat.az-ın məlumatına görə, tədbirdə müxtəlif səfirliklərin və dini icmaların nümayəndələri iştirak edib. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, onlara ingilis dilində Azərbaycanın yerləşdiyi siyasi-coğrafi məkan barədə məlumat verərək, ölkənin qədim dövlətçilik ənənələrindən bəhs edib.

Baş konsul eyni zamanda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Daha sonra, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım haqqında ətraflı məlumat verib.

Nəsimi Ağayev bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər. Soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Baş konsul qeyd edib ki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Nəsimi Ağayev çıxışı zamanı həmin illərə aid fotofaktları və sənədləri qonaqlara təqdim edib.

Daha sonra, amerikalı tarixçi tədbirdə çıxış edərək maraqlı xatirələrini bölüşüb. O, özünün filatelist olduğunu və uşaq vaxtlarından poçt markaları yığdığını bildirib. Amerikalı tarixçi poçt markalarını yığarkən təsadüfən Azərbaycanın poçt markasını görüb və ölkəmizlə maraqlanmağa başlayıb. O, Azərbaycan xalqının çox qonaqpərvər, səmimi, tolerant olduğunu qonaqların nəzərinə çatdırıb. Tədbirdə soyqırıma məruz qalan soydaşlarımızın ruhu ayaq üstə yad edilib və müxtəlif dinlərin nümayəndələri öz dinlərinə uyğun dualar edib.

Sonda baş konsul Nəsimi Ağayev qonaqlara tədbirə qatıldıqları üçün minnətdarlıq edib və Azərbaycan tədbirini musiqisiz təsəvvür etməyin mümkün olmadığını bildirib. Tədbirdə gənc vokalist Emin Eminzadə Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib. Tədbirdən sonra qonaqlara Azərbaycanın milli yeməkləri və şirniyyatları təqdim olunub.

Qeyd edək ki, “Rmedia” şirkətinin həmtəsisçisi Rəşad Mirzəyev tədbirdə Metbuat.az saytını təmsil edib.

“Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır” - Səfirlə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR