​Əkdiyim ağ liliya soğanları gələn maya cücərərmi?

Sonuncu dəfə nə vaxt beton asfaltdan qaçıb çılpaq ayağınızla yaş çəmənliyə basmısınız, nə vaxt torpaqla təmasda olmusunuz?

Hərəkətsizlik çağdaş insanın ən böyük problemidir. Liftlər, ekskalatorlar, çirkli qab-qacağı və paltarları təmizə çıxaran mətbəx avadanlıqları. Xülasə, bir düyməyə basmaqla gündəlik həyatımızı asanlaşdırırıq. Şəhər həyatı ruhumuzu necə yorur, necə sıxırsa, beynimizi dinləndirməkçün yollar axtarırıq. Şəhərdə yaşasanız belə imkanınız olduqca torpaqla yaxınlaşın, təbiətlə maraqlanın.

Şəhər həyatı insanının yeriməsini, qaçmasını, qısacası, enerji sərf etməsini əngəlləyir, eyni zamanda bizi xəstə edir. İllərdir əllərimizin gördüyü ən ağır iş klaviaturaya toxunmaq olub. Düşünün, qırx ildə bir dəfə işimiz düşəndə istifadə etdiyimiz bağça alətləri də artıq elektriklə işləyir..

Təbiətlə münasibət isə sizin zehninizi dinləndirməkdən əlavə çevrənizə də bir çox faydalar verəcək. Torpaqla təmasın faydalarından ən başlıcası stressi insan bədənindən qovmasıdır. Beyninizi qurcalayan problemləri unudub rahatlamaq istəyirsiniz? Elə isə çiçək toxumları, fidanlar alın. Onları bağçaya əkin, sulayın. Bağçanız yoxudursa, qəm etməyin. Eyni işləri eyvanda da görə bilərsiniz.

Saxsılarda çeşid-çeşid güllər, hətta nanə, keşniş-şüyüd, yaşıl olan nə varsa, əkin. Gündəlik istifadə edə biləcəyiniz bitkilər yetişdirin. Öz zəhmətinizlə əkdiyiniz məhsulun bəhrəsini sonda əlinizə alıb qoxlamağın verdiyi hiss yüksək təzyiqə və şəkərli diabetə necə müsbət təsir edir bilirsiniz?

Torpaqla məşğuliyyət D vitamini qazandırmaqla yanaşı, xərçəng xəstəliyinin və qadınlarda sümük əriməsinin qarşısını almaqda köməklik edir.

Holland alimləri iki qrup üzərində araşdırma apararaq qruplardan birinin 30 dəqiqə ərzində evdə kitab oxuması, digər qrupun isə 30 dəqiqə bağçada bitkilərlə, torpaqla məşğul olması təklifini irəli sürüblər. Bu sınağın sonunda torpaqla məşğul olanlarda kortizol (stress hormonu) səviyyəsinin evdə kitab oxuyanlara nisbətdə daha aşağı olduğunu müşahidə ediblər.

Stokholmda aparılan geniş araşdırmalar nəticəsində hər gün 30 dəqiqə torpaqla təmasda olan 60 yaşından yuxarı insanlarda infarkt və iflicin 30%-ə qədər azaldığı ortaya çıxıb.

Torpaqla məşğul olandan sonra dırnaqlarımızın altında yığılan kirə bir də yaxşı tərəfdən baxaq: bu kirlər immun sistemi üçün faydalı olan rod bakteriyaları yaradır.

Yaş ötdükcə əllərin elastikliyini və bacarıqlılığı azalır. Müşahidələr hər gün 30 dəqiqə bağça ilə məşğul olmaqla əl qabiliyyətinin qorunub saxlandığını göstərir. Məhz buna görə də fizioterapevtlər bəzi xəstələrə torpaqla məşğul olmağı tövsiyə edirlər.

İndi işdə oturub düşünürəm ki, görəsən, əkdiyim ağ liliya soğanları gələn maya cücərərmi? Hələ evə gedib rəngini sevmədiyim dibçəyimi bənövşə rənginə boyamalıyam.

Bağçamızla məşğul olduğumuz zaman təbiətə özümüzəməxsus bir pay vermiş oluruq. Bağçamızdakı rəngarəng bitkilərlə, yaş çəmənliklə, füsnkar torpaq ətri ilə dünyamız daha gözəl qalsın. Təbiət bizə, biz də torpağa mütəşəkkir olaq.

Necə deyərlər, bir həftə xoşbəxt olmaq istəyirsənsə, səyahətə çıx. Bir neçə il xoşbəxt olmaq istəyirsənsə, evlən. Bir ömür xoşbəxt olmaq istəyirsənsə, torpaqla maraqlan, ək, becər...

Torpaqla qalın...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR