BNA-dan baş verən hadisəyə SƏRT REAKSİYA - "Bu, cəmiyyətə qarşı tərbiyəsizlikdir”

Ötən gün 65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında baş verən insidentlə bağlı Bakı Nəqliyyat Agentliyi açıqlama verib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev metbuat.az-a açıqlamasında bildirib ki, cəmiyyətimizdə bu cür halla rastlaşmağımıza təəssüf edirik:

“Sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir. Bu, birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir. Heç bir hal kiməsə qarşı, xüsusən də qadına və yaşlı insana qarşı aqressiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcəkdir.

Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır. Bu çərçivədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirə layiqdir”.

Qeyd edək ki, ötən gün “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən "10 TH 318" dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib.

Sözügedən görüntüləri təqdim edirik:


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR