Play Store

TANAP-ın Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb

Transanadolu boru kəmərinin (TANAP) Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb. Bu barədə Trend SOCAR-a istinadən məlumat verir.

Martın 29-da Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib. İclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilib. Qeyd edilmişdir ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqliklə və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.

TANAP-ın İdarə Heyətinin sədri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”.

Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.

Layihədə SOCAR 58, BOTAŞ 30, BP isə 12 faiz paya malikdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR