Ermənistan ordusunda itki, fərarilik, korrupsiya və qəza hadisələri – AYLIQ HESABAT

Metbuat.az Ordu.az-a istinadən 2018-ci ilin martın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, xəsarət, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Mart ayının nəticələrinə görə, Ermənistan ordusunda 7 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 4-ü təxribata cəhd nəticəsində, 3-ü qəza nəticəsində baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, əsasən təxribata cəhd, qəza və mina partlayışı nəticəsində 12 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 5 fərarilik və 6 korrupsiya faktı da aşklarlanıb. Bununla yanaşı, düşmənin bir "X-55" taktiki pilotsuz uçuş aparatı məhv edilib.

1 mart

Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi dərman bazasında fırıldaqçılıq yolu ilə 40 milyon dram məbləğində oğurluq edilib. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi tərəfindən aparılan tədbirlər nəticəsində məlum olub ki, 2015-17-ci illər ərzində "N" saylı hərbi hissənin (mərkəzi dərman bazası) komandir müavini, mayor L.A və digər səlahiyyətlilər rəsmi mövqelərindən sui-istifadə edərək, rəsmi fakturalarında açıq-aşkar saxta məlumat verməklə 40 milyon dram məbləğində dərman və tibbi avadanlığı mənimsəyiblər.

Araşdırma nəticəsində həmin hərbi hissənin komandir müavini L.A və anbar rəisi tutulub.

3 mart

Günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.

5 mart

Ermənistanda martın 4-də hərbçilərin iştirakı ilə növbəti yol nəqliyyat hadisəsi baş verib.Təxminən saat 19:00 radələrində İrəvan-Sevan (Göyçə-red.) yolunda 40 yaşlı Qurqen Sarkisyanın idarə etdiyi “Toyota Land Cruiser” (08 OP 008 dövlət nişanlı) maşını ilə 32 yaşlı Erik Petrosyanın idarə etdiyi “Volkswagen” toqquşub.

“Volkswagen”nin sərnişini 39 yaşlı Q. Valer (hərbçi olduğu ehtimal edilir) müxtəlif bədən xəsarətləri ilə Abovyan tibb mərkəzinə köçürülüb. Hadisə yerinə gələn polis əməkdaşları qəzanın günahlarının “Volkswagen”in sürücüsü, sərxoş vəziyyətdə olan Erik Petrosyanın olduğunu aydınlaşıdırıblar.

Hadisənin təqsirkarının hərbi qulluqçu olduğu bildirilir. Məlumata görə, o, hərbi hissələrdən birinin komandirinin sürücüsüdür.

*****

6 mart

İşğal altında olan Ağdərə rayonu ərazisində yerləşdirilən düşmən ordusunun bölmələrindən birinə məxsus UAZ markalı avtomobil ağır yol-nəqliyyat hadisəsi törədib. Qəza nəticəsində ən azı 1 nəfərin öldüyü, 3 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı məlum olub.

Ölən sərnişinin hərbi hissədə tibb bacısı vəzifəsində xidmət etdiyi bildirilir. Faktı Ağdərə şəhər xəstəxanasının Avakyan soyadlı əməkdaşı da təsdiqləyib. Hadisə barədə rəsmi məlumat verilməsə də araşdırma aparılır. Sosial şəbəkədə yayılan xəbərdə o da bildirilir ki, ölən qadınla Avakyan əvvəllər İrəvan xəstəxanalarından birində birlikdə çalışıblar.

7 mart

Saat 18:10 radələrində Ermənistanın Araqatsotn vilayətinin İrəvan Gümrü yolunun 78-ci km-nin Mastara kənd ərazisində 39 yaşlı Armen Avetisyanın idarə etdiyi "Opel Vectra" markalı avtomobil və 50 yaşlı Andranik Harutyunyanın idarə etdiyi VAZ 2106 markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində, "Opel"in sərnişinləri 41 yaşlı Andranik Nersisyan, 27 yaşlı Volodya Petrosyan, 24 yaşlı Tiqran Serobyan və VAZ-2106-nın sərnişinləri 21 yaşlı Abel Hakobyan, 21 yaşlı Xaçatur Nersisyan müxtəlif bədən xəsarətləri ilə Talin şəhər xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, yaralılardan 2 nəfər Ermənistan ordusunun müqaviləli hərbi qulluqçularıdır.

*****

Digər ölkədə hərbi xidmətdə olmalarına dair saxta sənədlər təqdim edən, Ermənistan vətəndaşlığı alan, 40-dək əcnəbi Ermənistan ordusunda məcburi hərbi xidmətdən yayınıb. Bu barədə Ermənistan milli təhlükəsizlik xidməti məlumat yayıb.

Ermənistanın cinayət qanunvericiliyinə əsasən saxta sənəd tərtibatında, satışında hazırlanmasında ittiham edilərək, 1 nəfər xarici vətəndaş olmaqla, 11 nəfərə qarşı ittiham irəli sürülüb. İttiham edilənlərdən 4 nəfər həbs edilib, 7 nəfər isə ölkəni tərk etməməyə dair imza müqabilində azadlığa buraxılıb. Təqsirli bilinənlər tərəfindən başqa sənədlərin də saxtalaşdırıldığı bildirilir.

9 mart

Saat 12:00 radələrində Ararat vilayətinin İrəvan-Meğri yolunun 7-ci km-də Kərki (Tiqranaşen) kənd inzibati ərazisində Xankəndi şəhər sakini 24 yaşlı X. Arturun idarə etdiyi PB 6 M 900 (ՊԲ 6 Մ 900) nömrəli "Mitsubishi" markalı avtomobil və 26 yaşlı M. Henrik adlı şəxsin idarə etdiyi "Opel Astra" markalı 35 LG 669 nömrəli avtomobillər toqquşub.

Qəza nəticəsində 3 yaralı Ararat rayon xəstəxanasına yerləşdirilib.İlkin məlumata görə, qəzaya iri buynuzlu heyvanlar səbəb olub. Hərbi polis yaralıların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə araşdırma aparır. Verilən məlumata görə, "Mitsubishi" markalı avtomobil qondarma qurumun hərbi hissələrinədən birinə məxsusdur.

11 mart

Saat 21:15 radələrində Talin şəhərinin Xancyan küçəsində baş verən yol qəzasında 3 nəfər yaralanıb, 1 nəfər ölüb. Məlumata görə, qəzada məktəb direktoru, 1 nəfər tələbə, o cümlədən polis qoşunlarının "N" saylı hərbi hissəsində qulluq edən sürücü yaralanıb. Ölən sürücü Qriqor Tonoyan isə keçmiş Qarabağ və aprel döyüşlərinin iştirakçısı olub.

15 mart

Saat 17:30 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində, təlim zamanı baş verən avtomobil qəzası nəticəsində 19 yaşlı, əsgər Edqar Qevorkoviç Yeremyan ölüb.

17 mart

Ermənistan müdafiə nazirliyinin maddi vəsaitlərlə təminat müsabiqəsi sahəsində 2008-2013-cü illər ərzində mənimsəmə ittihamı ilə Ermənistan müdafiə nazirliyinin idarə rəisinin müavini həbs edilib. Bu barədə Ermənistan prokurorluğu məlumat yayıb.

İrəvan sakini, "AA" şirkətinin sahibi Ermənistan baş prokurorluğuna müraciət edərək bildirib ki, 2008-2013-cü illər ərzində Ermənistan müdafiə nazirliyinin ehtiyacları üçün qeyd olunan şirkətdən alınan mallar haqqında, rəhbərlik etdiyi şirkətin xeyrinə qərar verilməsi üçün müdafiə nazirliyinin idarə rəisinin müavini, şirkətin satdığı malların qəbul edilməsi komissiyasının sədri M.X şərti adlı şəxs, hər il bağlanmış müqavilələrə əsasən 5-7% dəyəri həcmində rüşvət verilməsini tələb edib. Beləliklə də qeyd olunan şəxsə 29.220.000 erməni dramı (103491AZN) dəyərində rüşvət verildiyini bildirib. Məhkəmənin qərarı ilə o, həbs edilib.

*****

Saat 20:30 radələrində Gorus rayonunun sakini, 21 yaşlı Mişa Qevorqyanın idarə etdiyi VAZ 2121 markalı 01 ՏՕ 025 nömrəli avtomobil, Xankəndi-Gorus yolunun 88-ci km sektorunda yolun hərəkət hissəsindən çıxaraq, təxminən 10 metr dərəyə yuvarlanıb.

Qəza nəticəsində sərnişinlər 57 yaşlı Qayane Tunyan və 25 yaşlı Levon Ohancanyan müxtəlif bədən xəsarətləri ilə Gorus tibb mərkəzinə aparılıblar. Məlumata görə, yaralanan Levon Ohancanyan Ermənistan müdafiə nazirliyinin "N" saylı hərbi hissəsində qulluq edir.

20 mart

Ermənistanın Tavus vilayətinin mövqelərindən birində erməni əsgər yaralanıb. Hadisə bir neçə gün öncə baş versə də erməni ictimaiyyətindən gizlədilib.

Nəticədə hadisənin sosial şəbəkələrdə müzakirəyə çıxarılmadan sonra Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan əsgərin İrəvana aparıldığını, hazırda hospitalda olduğunu etiraf edib. Hadisənin hansı şəraitdə baş verdiyi bildirilmir.

*****

Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan özünün "Facebook" səhifəsində rüşvətxorluğa görə polkovnik-leytenantın həbs edildiyi barədə məlumat verib.

Məlumata görə, hərbi komissar N-in katibi, kapitan P.M. 2017-ci ilin avqust-sentyabr aylarında özünün indiki vəzifəyə təyin edilməsi üçün hərbi komissar N-in müavini, polkovnik-leytenant Q.M-ya Ermənistan müdafiə nazirliyinin müvafiq işçisinə ötürməsi üçün 3 min dollar məbləğində rüşvət verib. Q.M. həbs edilib, P.M. isə şəhəri tərk etməmək şərti ilə sərbəst buraxılıb.

22 mart

İrəvan şəhərində axşam saat 20:50-də avtomobil qəzası baş verib, nəticədə hərbi universitetin iki kursantı yaralanıb.

Məlumata görə, İrəvanın Saritag məhəllə sakini Artavazd Arakelyan Nissan markalı avtomobili ilə küçədə, Xankəndi şəhər sakinləri olan iki piyadanı vurub. Məlum olub ki, 22 yaşlı David Pogosyan və 21 yaşlı Eduard Manukyan Vazgen Sarkisyan adına hərbi universitetin kursantlarıdır. Hər ikisi tibb müəssisəsinə yerləşdirilib.

24 mart

Saat 16:55 radələrində, işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqelərində, 1999-cü il təvəllüdlü erməni əsgəri Armen Hamayak Harutyunyan ölüb.

Hadisənin güclü küləklə ağacın aşması nəticəsində baş verdiyi bildirilsə də, erməni sosial şəbəkə istifadəçiləri ölən əsgərin mövqelərimizi atəşə tutması nəticəsində məhv edildiyini bildirirlər.

*****

Ermənistanda çağırışçıların hərbi xidmətdən azad edilməsinə görə rüşvət alan müstəntiq və ona dəstək verən şəxsi həbs ediblər. Bu barədə Ermənistan xüsusi istintaq komitəsi məlumat yayıb.

Bundan başqa qeyd olunan 7 nəfərdən 5 nəfərə qarşı sənədləri saxtalaşdırmaqla hərbi xidmətdən yayınmasına görə ittiham irəli sürülüb. Məlum olub ki, onlar qanuni əsaslar olmadan saxta sənədlərlə hərbi xidmətdən yayınıblar. Beləliklə, yuxarıda qeyd olunan cinayət işinin ilkin araşdırması çərçivəsində ümumilikdə 9 şəxsə qarşı ittiham irəli sürülüb. Baş müstəntiq və ona yardım edən şəxs həbs ediliblər. Qalan şəxslər ölkəni tərketməmə iltizamı qarşılığında azad buraxılıblar.

29 mart

İşğal altında olan Qarabağda erməni hərbçilər minaya düşüb. Məlumata görə, Ağdərənin yaxınlığında yerləşən neytral zonada "Niva" markalı avtomobil minaya düşüb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yayılan məlumatda düşmən minatəmizləmə əməliyyatının həyata keçirilməsi çərçivəsində həlak olan hərbçiləri "Halo Trast" təşkilatının üzvləri kimi təqdim edib. Məlumata görə, ölənlər Pavel Hakobov, Marat Petrosyan və Samson Avanesyan, yaralılar isə 43 yaşlı Aram Mkrtçyan və 31 yaşlı Qariq Qahiryandır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR