Vüqar Həşimov - qəhrəmanlar unudulmur

Vüqar Həşimov -   qəhrəmanlar unudulmur
16:37 11 Yanvar 2015
726 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın məhşur şahmatçısı Vüqar Həşimovun ölümündən bir il ötür. Fanat.az хəbər verir ki, beynəlхalq dərəcəli qrossmeyster 2014-cü ilin 11 yanvarında beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 3 gün sonra isə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub və o, həmin gün III Fəfxri Xiyabanda dəfn edilib.

Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakıda doğulub. 6 yaşından atasından şahmat oynamağı öyrənib. 9 yaşında ikən Azərbaycan çempionu olub, sonradan iki dəfə - 1996-1998-ci illərdə respublikanın ən yaxşı şahmatçısı adını qazanıb. O, 1995, 1996 və 1998-ci illərdə Azərbaycan çempionu olub. 1996-2001-ci illərdə Vüqar Avropa və dünya çempionatlarında 7 dəfə mükafata layiq görülüb. O, 1999-cu ildə beynəlxalq şahmat ustası, 2002-ci ildə isə qrossmeyster tituluna yiyələnib.

 
Vüqar Həşimov dörd dəfə - 2002, 2004, 2006 və 2008-ci illərdə şahmat olimpiadalarında Azərbaycan yığma komandasının heyətində çıxış edib. 2009-cu il mayın 7-9-da Azərbaycan prezidenti Heydər Əliyev kuboku uğrunda yarışlar çərçivəsində Bakıda dünya yığmasına qarşı çıxış edən Azərbaycan yığmasının heyətinə daxil olub. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatında bürünc medal qazanıb. 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olub (bu çempionatın sonuncu turunda komandamıza həlledici xalı məhz Vüqar qazandırıb).


2011-ci ildə Avropa çempionatında yığma komandanın heyətində vitse-çempion, 2010-2011-ci illərdə Recio Emiliyada (İtaliya) keçirilən turnirdə qalib olub. FIDE reytinqində ən yüksək nailiyyəti 6-cı yer olan Vüqar Həşimov 26 yaşlı Teymur Rəcəbov və 28 yaşlı Şəhriyar Məmmədyarovla birgə çox güclü bir komanda təşkil edirdilər və onların iştirak etdiyi Azərbaycan milli komandası daima beynəlxalq yarışlarda qızıl medallara iddialı olub. Lakin ağır xəstəlik Vüqarın turnirlərdə iştirakını dayandırmağa məcbur edib.
 
24 iyul 2014-cü ildə Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub. Bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdi. Ağır xəstəlikdən dünyasını dəyişən Azərbaycan millisinin şahmatçısının xatirəsinə ənənəvi turnir keçirilir.

 
Ölümcül xəstə olan Vüqar Həşimovun son günlərinədək onun yanından çəkilməyən, nişanlısı olduğu deyilən Elizabet V. qərb mətbuatında sevdiyi insan haqqında təəssüratlarını “Vüqar Həşimovu xatırlayarkən” adlı məqalədə paylaşmışdı: "Vüqar mənim qarşılaşdığım ən gözəl insanlardan biridi. Bizim güclü emosional sevgimiz tez bir vaxtda böyük sevgiyə çevrildi. Biz təkcə cütlük yox, həm də yaxşı dost idik. Mən şahmatdan baş çıxarmadığım üçün Vüqarın digər müsbət cəhətlərinə diqqət yetirirdim və deyim ki, onun həmin cəhətləri oyuna olan istedadından da çox idi. Vüqar sakit insan idi, özündən daha çox başqalarının qayğısına qalırdı. O, gözəl, yumşaq yumor hissinə malik, xeyirxah insan idi. Hesab edirdi ki, yalnız təbəssüm insanları xoşbəxt edə bilər. Vüqar geniş maraq dairəsinə malik bir şəxs idi: o, şeir yazır, həyat haqqında fəlsəfi fikirlər yürütməyi xoşlayır, saatlarla musiqi dinləyir, mahnıların mətnlərini tərcümə edir, lətifələr danışır və hətta öz kompüterində tennis və futbol oynayırdı. Vüqar, mən heç kimi sənin qədər sevməmişdim. Mənimlə fədakarcasına paylaşdığın saysız-hesabsız gözəl anlara görə çox sağ ol. Sən daim mənim ürəyimdə olacaqsan, yolumda atdığım hər bir addımı müşayiət edəcəksən və sənin haqqında xatirələr mənim gündəlik həyatımı bəzəyəcək, məni daha möhkəm edəcəklər".


Fanat.az



















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR