Bakının yükü azalacaq

Bakının yükü azalacaq
17:16 11 Yanvar 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+

“Böyük Bakının Regional İnkişaf Planı”nda Sabunçu və Xırdalan istiqamətində alt mərkəzlərin yaradılması təklifi paytaxtın mərkəzi hissəsinin yükünün azaldılmasına yönəlib.

ANS PRESS-in məlumatına görə, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov AzərTAc-a bildirib ki, həmin ərazilərdə sosial və yol infrastrukturunun genişləndirilməsi, ticarət və əyləncə mərkəzlərinin yaradılması planlaşdırılır. Bununla da şəhər kənarında yaşayan sakinlərin paytaxtın mərkəzinə axınının qismən də olsa qarşısı alınmaqla yanaşı, nəqliyyatın sıxlığı da xeyli azalacaq.

“Mərkəzdənqaçma (desentralizasiya) tədbirlərinin görülməsi şəhərsalmada dünyada istifadə edilən metodlardan biridir”, - deyən İ.İsbatov əlavə edib ki, respublikada iqtisadi inkişaf tempi sürətlə getdiyindən bu proses avtomobillərin sayına da təsirsiz ötüşməyib. İnkişaf etmiş Avropa ölkələrində 1000 nəfərə düşən avtomobillərin sayı 400-ə çatıbsa, Azərbaycanda bu rəqəm təqribən 300-dür.

Onun fikrincə, paytaxtda nəqliyyat probleminin həlli yollarından biri də həmin sahədə kompleks tədbirlərin görülməsidir və bu istiqamətdə işlər artıq həyata keçirilir. Hətta aparıcı xarici şirkətlər də bu işlərə cəlb olunurlar.

Direktor deyib ki, yol ötürücülərinin, körpü, tunel və keçidlərin inşası ilə bağlı nəinki Bakıda, regionlarda da çox böyük işlər görülür. Metronun inkişafı isə Bakının nəqliyyat problemlərinin həllində başlıca amillərdən biri olacaq. Bakıda metro stansiyalarının sayının 70-ə çatdırılması nəzərdə tutulur. Bütün bunlar şəhərdə yüklənmənin qarşısının alınmasına xidmət edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR