Xəyanətin “CƏZA"sı

Xəyanətin “CƏZA"sı... Bu tamaşaya baxmaq istəyirdim... Təkcə adı belə diqqətimi özünə çəkirdi... Beləliklə çox həvəslə GTT-nin kiçik səhnəsinə daxil oldum. Qarderobda tamaşaçıya təklif olunan konfetlər sanki bir bayram əhvalı yaradırdı. Hələ onların üstündəki "Mobil telefonlarınızı söndürməyi unutmayın" yazısı isə bu teatrın özunəməxsus bir yeniliyi idi. Tamaşa başladı və mən tədricən haldan-hala düşən, anında sevinclə kədəri bir birinə qatan qadının taleyini onunla birgə yaşamağa başladım...

Aİləsinə, ərinə, uşaqlarına xəyanət edən bu qadın yeni sevgisinə sadiqdir... Çünki məhz bu sevgi sayəsində o qanad açıb, uça bilir.. Və daha həyatda onu uçura biləcək qüvvə yoxdur... Hər şeyini bu sevgiyə qurban verən qadın sonda nə qədər aldandığını, ötəri həvəs kimi atıldığını görən zaman özü öz CƏZAsını kəsir... Və bu dünyada insanın özü özünə verdiyi cəzadan dəhşətlisi yoxdur məncə...

Yazıçı-dramaturq Tamara Veliyevanın "Cəza" əsəri, Mehriban Ələkbərzadənin quruluşunda, Kəmalə Müzəffərin oyununda bizə təqdim olundu. Mükəmməl rejissor işi əlbəttə ön planda idi. Kəmalə Müzəffərin oyunu isə özünəməxsusluğu ilə yenə də seçilirdi... Aktrisa öz çevik plastikası, rola uyğun emosionallığı ilə hər an dəyişə bilirdi. Bu da əlbəttə ki, zaldakı tamaşaçını biganə qoya bilməzdi... Tamaşanın bu gün çağdaş həyatımızda tərbiyəvi əhəmiyyəti çox böyükdür. Xəyanətin acı üzü faciə yaradacaq qədər qorxuncdur... Əslində adi bir xəyanət üzərində köklənən hadisələrin dərin mənasını tədricən anlayırsan... O nə böyük sevgidir ki, analıq hissinə belə, qalib gəlir? Sevgiyə susayan bir qadını mühakimə etmək bir tərəfdən çətin olsa da, digər tərəfdən övladlarını bir yük olaraq hiss edən anaya haqq qazandırmaq çətindir... Çünki "analıq" qadına Tanrı tərəfindən verilən ən böyük missiyadır... Sonda tamaşaçıya rəy kitabçası təqdim olunur və hər kəs öz rəyini yaza bilər. Bu da maraqlı bir jestdir... Fikir verirəm ki, tamaşada qadınlar daha çoxdur... Və onlarla polemikaya girirəm. Əksəriyyəti tamaşanı bəyənib... Kəmalə Müzəffərin oyununu biraz səs-küylü, abartılı sayanlar da var... Amma ümumi tamaşa sevilib ki, bu da yaradıcı heyətin növbəti uğurudur...

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu İsa Əsədovdur. Tamaşa Tehranda 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Bu da Azərbaycan teatr sənətinin növbəti uğurudur.

Təranə Feyzullayeva/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR