56 yaşlı qadın həkimi şantaj edənin cəzası azaldılıb

Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şantajla pul tələb etməkdə ittiham olunan 41 yaşlı Elnur İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Metbuat.az virtualaz.org-a istinadla bildirir ki, məhkəmədə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. E.İbrahimovun cəzası 7 ildən 5 ilə endirilib.

İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikalardan birində işləyən həkim nevropatoloqu şantaj edib. O, 56 yaşlı həkimlə 2014-cü ildə “Odnoklassniki” sosial şəbəkəsində tanış olub. Qadınla yaxın münasibət quran E.İbrahimov onunla bir neçə dəfə görüşüb, intim münasibətdə olub. E.İbrahimov sonradan onu rüsvay edəcəyi ilə qorxudaraq şantaj edib.

Təqsirləndirilən şəxs qadın həkimdən şantaj yoluyla 8500 manatdan çox pul alıb. Qadın onun barəsində polisə şikayət edib. Sonuncu dəfə həkimdən pul alarkən saxlanılıb.

E.İbrahimov barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, pulu həkimdən yardım məqsədilə aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətində qətimkan tədbirini dəyişdirilib və məhkəmə zalında həbs olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR