Play Store

Açarları itirməyək

Açarları itirməyək
11:24 10 Aprel 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

Nənəm həmişə mənə deyirdi ki, kilidi əlində çox oynatma, açarla bağlayıb-açma, birdən bağlanar kilid, sən də açarı itirərsən. Sonra arzularının yolu bağlanar, hara getsən, yoluna kilid vurular.

 

Sonra gənclik illərində bir falçı mənə demişdi, işləməmiş bir kilid gətir, dua oxuyub  həmin kilidi açarla bağlayım, sonra apar at dənizə. Amma açarını həmişə özündə saxla.

 

Bilmirəm, bu “kilid və açar” məsələsində hansı mif var, amma orası gün kimi aydındır ki, nə olursa-olsun, kilidin açarını həmişə özündə saxlasan yaxşıdır.

 

Qarabağda qapılarını bağlayıb gəldiyimiz evlərin açarı yadımıza düşürmü heç? Yoxsa o açarları artıq itirmişik? Nə olsun ki, indi evlərimiz yanıb. Deyək ki, lap qapılarımız çıxarılıb, pəncərələrimiz sökülüb. Nə olsun. Biz o qapıları bağlı qoyub gəlmişdik axı!

 

Cibinizə əl atıb evlərinizin açarını yoxlayırsınızmı heç? Pas atmağının eybi yoxdu, bir az qan töküb, pasını açmaq olar. Vay odur ki, itirmiş olasınız. Əgər itirmisinizsə, nənəmin dediyi söz.

 

Ən ibrətamiz bir xatirə. Cəbrayılın işğalının ilk aylarında şair dostum Vaqif Bayatlı Odərin anası İmişlidə dəmir yol vaqonunda qalırdı. Evinin açarı da dəstəsiynən yun jaketinin cibində. Açarları bir-birinə iplə bağlamışdı. Sonra o ipi də itməsin deyə sancaqla cibinə bərkitmişdi. Hər şey bu açardan asılıydı. Müharibə də, atəşkəs də, ölüm-itim də. Mən onu İmişlidəki evimizə qonaq aparmaq istəyirdim. Getmədi. Dedi ki, birdən qatar Cəbrayıla tərpənər, mən qalaram.

 

O qadının ayıq-sayıqlığı heç vaxt yadımdan çıxmır.

 

Əllərinizi açar üçün heç cibinizə atdınızmı? Yoxsa bu atəşkəslər  və ya Bakıdakı açarlar bu açarı paslandırdı və ya sizə unutdurdu? Yenə nənəmin dediyi o söz.

 

Bu dünyada hər şeyin açarı var. Siyasətin, dilin, müşkül məsələlərin, münasibətlərin hamısının açarı var. Yetər ki, o açar səndə olsun. Onun burmağın dilini biləsən. Yoxsa yad qapıya salıb, zay eləməyəsən.

 

Açarlar gərək yerinə düşsün. Bax, Qarabağı tezliklə alacağıq. Çünki ermənilərin açarı bizim evlərin qapısına düşmədi, dodaqları bulaqlarımıza, dirsəkləri qayalarımıza, ayaqları cığırlarımıza düz gəlmədi. Ona görə açarlarını burub zay elədilər. Bir sözlə, açarlarını itirdilər.

 

Çəkilən videolarda Qarabağda açılan çiçəkləri görürsünüzmü? Görüb salam verirsinizmi?  Onlar bizi görməyə gəlir. Bilirlər ki, bir yaz yurdlarımıza qayıdacağıq. Yenə də çiçəklər göy üzündəki barıt tüstülərini bulud bilib aldandılar. Yenə də lalələr yandırılmış bayram şamları kimi söndülər.

 

Biz Qarabağa tezliklə qayıdacağıq. Bu hiss evlərimizin açarlarını yadımıza salırsa və biz də onu tapırıqsa, demək, ölməyən ruhumuza eşq olsun! Onda tezliklə biz yurdlarımıza qayıdacağıq. Çünki o yerlərin açarları heç kəsdə deyil, bizdədi.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR