Play Store

Sumqayıtda sosial mənzillər üçün torpaq sahəsi ayrıldı

Sumqayıtda sosial mənzillər üçün torpaq sahəsi ayrıldı
12:23 10 Aprel 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

“Sumqayıt şəhərində də sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib. Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahəsinin ayrılması gözlənilir. Agentlik növbəti layihələr üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işini davam etdirir”.

Publika.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

S.Nuriyev bildirib ki, 29 çoxmənzilli yaşayış binasından ibarət olan Yasamal Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır.

“Bu da 6 mindən çox insanın mənzil probleminin həll edilməsi deməkdir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir. Ötən müddət ərzində 8200 nəfərə yaxın vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin olunub”.

Onun sözlərinə görə, agentliyin ikinci layihəsi - Hövsan Yaşayış Kompleksi 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq.

“Burada 10 min nəfərdən çox insanın yaşaması gözlənilir. İlk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır.

Yasamal rayonunda güzəştli mənzillərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında Agentliyə Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi ayrıldı. Hazırda həmin kompleksin genişləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanmaqdadır”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/237052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR