Politoloq: "Prezident seçkiləri qanunvericiliyə uyğun şəkildə keçirilir"

Politoloq: "Prezident seçkiləri qanunvericiliyə uyğun şəkildə keçirilir"
12:22 11 Aprel 2018
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda prezident seçkiləri qanunvericiliyə uyğun şəkildə keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu prezident seçkilərində iştirak edən politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov qeyd edib ki, seçicilər səsvermədə fəal iştirak edirlər: "Məndə olan məlumata görə, seçkilərdə iştirak edən prezidentliyə namizədlər tərəfindən heç bir şikayət daxil olmayıb. Seçkiləri müşahidə edən qruplar tərəfindən də heç bir ciddi irad səsləndirilməyib".

Politoloq bildirib ki, 26 ildən çoxdur müstəqil olan Azərbaycanın seçki prosesinin təşkili ilə bağlı böyük təcrübəsi var: "Texniki baxımdan da hər şey yüksək səviyyədədir. Bildiyiniz kimi, bəzi məntəqələrdə kameralar da quraşdırılıb".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR