Necdet Ünüvar: Seçki son dərəcədə demokratik və obyektiv oldu

Necdet Ünüvar: Seçki son dərəcədə demokratik və obyektiv oldu
11:42 12 Aprel 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən keçirilmiş seçkinin gedişi və İlham Əliyevin 86 faizlə prezident seçilməsi Azərbaycanda prezident seçkisinin gedişini tənqid edənlərə ən yaxşı cavab oldu. Seçki son dərəcədə demokratik və obyektiv oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Necdet Ünüvar Avropada bəzi qüvvələrin Azərbaycanda prezident seçkisi ilə bağlı tənqidi fikirlərinə cavab olaraq bildirib.

Türkiyədən 15 deputatın gəldiyini və Bakının Yasamal, Nərimanov və Nəsimi rayonlarındakı məntəqələrdə seçkinin gedişini izlədiklərini deyən N.Ünüvar qeyd edib ki, hər şey qanunauyğun şəkildə keçib: "Təhlükəsizlik yüksək səviyyədə təşkil olunmuşdu. Hər hansı qarışıqlıq, problem baş vermədi. Səhər tezdən artıq məntəqələrdə seçici sıxlığı müşahidə olunurdu. Bizim ən çox diqqətimizi çəkən o oldu ki, hər yerdə qadın seçicilərin çox olduğunu gördük. Bu da Azərbaycanda qadınların nə qədər fəal olduğunu göstərir".

O, deyib ki, Azərbaycana bu qədər diqqətin olması normaldır: "Azərbaycan iqtisadiyyatı və nəqliyyatı inkişaf edir. TANAP və Bakı-Tiflis-Qars layihələri İngiltərədən Çinədək dünya ölkələrini əhatə edir. Ona görə onlar burda baş verənlərlə yaxından maraqlanırlar. Əgər belə önəmli mövqedə yerləşirsizsə, diqqət də olacaq, müsbət və mənfi fikirlər də olacaq. Amma dünənki seçki hamıya, tənqid edənlərə də bariz cavab oldu".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR