Moldova parlamenti sədrinin müavini: "Azərbaycanda bir sıra ölkələrə nümunə ola biləcək seçki keçdi"

Moldova parlamenti sədrinin müavini: "Azərbaycanda bir sıra ölkələrə nümunə ola biləcək seçki keçdi"
12:12 12 Aprel 2018
61 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan xalqını bu böyük əhəmiyyətli hadisə və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm! Dünənki seçki tam azad və demokratik şəraitdə keçdi".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycandaki prezident seçkisinin gedişatını müşahidə etmiş Moldova parlamenti sədrinin müavini, Xarici siyasət və Avropaya inteqrasiya üzrə komissiyanın, eləcə də Moldova-Azərbaycan dostluq qrupunun üzvü Vitiuc Vladimir bildirib.

Onun sözlərinə görə, seçki prosesi elə təşkil olunmuşdu ki, saxtakarlıq etmək mümkün deyildi: "Seçki yüksək təşkilatçılıqla və intizamlı keçdi. Bütün namizədlərə və seçicilərə eyni şərait yaradılmışdı. Biz burda saxtalaşdırmaya imkan verməyən yeniliklər gördük. Azərbaycanda bir sıra ölkələrə nümunə ola biləcək seçki keçdi".

O, əlavə edib ki, Azərbaycanda beynəlxalq müşahidəçilər üçün çox yaxşı və əlverişli şərait yaradılıb, onların seçki prosesi ilə bağlı bütün suallari cavablandırılıb.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR