Avtobusun vurduğu qızı yol polisi ölümdən xilas etdi - FOTOLAR

Avtobusun vurduğu qızı yol polisi ölümdən xilas etdi - FOTOLAR
18:14 12 Aprel 2018
113 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Lent.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Abdulla Şaiq küçəsində - Statistika dairəsinə gedən yolda baş verib. 23 yaşlı Günay Ələkbər qızı Muradəliyeva piyada keçidi ilə yolu keçərkən “BakuBus”un avtobusu tərəfindən vurulub. Ağır xəsarətlər alan yaralı hadisə yerində xeyli qan itirib. Qəzadan cəmi bir dəqiqə sonra hadisə yerinə gələn Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 2-ci tağımının əməkdaşı, serjant Zaur Əliyev yaralını 99 YP 328 nömrəli patrul maşınına mindirərək xəstəxanaya çatdırıb. Polisin və həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşı Zaur Əliyev hadisəni belə xatırlayır: “Xidməti ərazimdə hərəkətdə olarkən avtobusun qəfil manevr edib dayandığını gördüm. Yaxınlaşanda məlum oldu ki, qızı vurub. Yaralı asfaltın üstündə ağır vəziyyətdə idi. Başından ağır zədə aldığı üçün qan su kimi axıb gedirdi. Ətrafdakı insanlar təcili yardıma zəng etdi, mənə də imkan vermirdilər ki, yaralını götürüb aparım. Amma özümü saxlaya bilmədim. Göz görə-görə ölümünü seyr etmədən onu patrul maşınına mindirib 1 saylı şəhər kliniki xəstəxanasına çatdırdım. Baş həkim özü qarşıladı, dərhal xəstəni əməliyyat edib həyatını xilas etdilər. Baş həkim dedi ki, yaralı 15 dəqiqə gec gətirilsəydi ölə bilərdi. Hadisədən bir neçə saat sonra qızın atası mənə zəng edib təşəkkür etdi. Görüşmək istədi, “hədiyyə verəcəm” dedi. Amma mən razı olmadım. Dedim ki, bu, mənim insanlıq və polis borcum idi. Təki qız sağalsın, mənimçün ən böyük hədiyyə olar”.

Xəstəxanadan bildirdilər ki, hazırda yaralının vəziyyəti ota ağırdır. Lakin ciddi bir təhlükə yoxdur. Bununla yanaşı, xəstəxana rəhbərliyi yaralının həyatını xilas etdiyi üçün polis əməkdaşı Zaur Əliyevlə bağlı Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayacaq.

Avtosfer.az-a açıqlama verən qızın atası Ələkbər Muradəliyev bildirib ki, hazırda Günayın səhhəti normaldır, həyatı təhlükəsi yoxdur. “Allah Zaur müəllimdən razı olsun. Onun sayəsində qızımın həyatı xilas oldu. Burada həkimlər də dedilər ki, əgər bir az da geciksəydiniz bədbəxt hadisə baş verə bilərdi. Məhz polis əməkdaşının çevikliyi mənim balamın həyatını xilas etdi.”

Ələkbər Muradəliyev Zaur Əliyevlə əlaqə saxladığını da bildirib. “Ona zəng edib çoxlu təşəkkür etdim. Hətta hədiyyə də təklif elədim. Lakin o qəti şəkildə etiraz etdi və bildirdi ki, bu, onun vəzifə borcudur və əsas odur ki, xanımın həyatı xilas olub, tezliklə ayağa qalxsın. Bilirsiniz, bu cür adamların olması bizi sevindirir. Məhz belə insanları görəndə adam fərəhlənir. Bir daha deyirəm ki, Allah ondan razı olsun. O, bizi gözüyaşlı olmaqdan qurtardı".

 

Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, həqiqətən də yol polisi əməkdaşı bu gün yaralı qızın həyatını xilas edərək öz xidməti borcunu yerinə yetirib: "Yaralının atası mənə də zəng edib təşəkkür etdi. Biz yaralıya Allahdan şəfa diləyirik. Qeyd etmək istəyirəm ki, daxili işlər orqanlarında bu cür xilaskar polislər çoxdur".

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR