Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bu sahədə böyük dönüş yarandı

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bu sahədə böyük dönüş yarandı.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Avropa çempionatının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, müasir dövrümüzdə Azərbaycan beynəlxalq miqyasda bir idman dövləti kimi tanınır. Bunun nəticəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq yarışların bir məkanına çevrilib. Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin vətənimizdə keçirilməsinə böyük etimad göstərirlər:

“Xüsusilə qeyd etmək istəyirəm ki, Birinci vitse-prezident Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra təşkilat yenidən qurulub və bu sahədə böyük dönüş yaranıb. 15 illik yubileyini bu yaxınlarda qeyd edən federasiyanın səmərəli fəaliyyəti nəticəsində bu gün ölkədə batut və tamblinq gimnastikası öz inkişaf dövrünü yaşayır, gimnastların bütün növləri üzrə maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində yüksək uğurlar qazanılıb. Azərbaycan Gimnastika Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsində uşaq, yeniyetmə və gənclər arasında batut və tamblinq gimnastikası üzrə məşğul olanların sayı artıb. Fürsətdən istifadə edib, Azərbaycan idmanına göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığımı bildirirəm. Bu mötəbər yarışların respublikamızda keçirilməsinə etimad göstərdiklərinə görə Avropa Gimnastika İttifaqının rəhbərliyinə təşəkkür edirəm”.

A.Rəhimov bildirib ki, Avropanın 25 ölkəsinin 700-ə yaxın idmançısının və nümayəndələrinin qatıldığı bu yarışlar şübhəsiz ki, Azərbaycanda bu idman növlərinin inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə toplamalarına münbit şərait yaradacaq:

“Əminəm ki, yarışları izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbirlər unudulmaz hadisə kimi yaddaşlarda qalacaq. Ümid edirəm ki, Avropa çempionatında öz qüvvələrini sınayan idmançılar 2018-ci il noyabrın 7-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək dünya çempionatında və dünya yaş qrupları yarışlarında öz bacarıqlarını nümayiş etdirəcəklər. Hər idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR